Türkiyə millisi və "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu 21 illik fasilədən sonra rəsmi adı “Ballon d’Or” olan “Qızıl top” mükafatına namizədlər arasında yer alan ilk türk futbolçusu olub.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyə təmsilçiləri arasında sonuncu dəfə bu şərəfə 2003-cü ildə "Real Sosyedad"da oynadığı vaxt Nihat Kahveci layiq görülüb: o, sorğuda 3 xal toplayaraq italiyalı Françesko Totti ilə 18-19-cu yerləri bölüşdürüb.
Yayda Çalhanoğlu Türkiyə millisi ilə Avro-2024-də kifayət qədər uğurlu çıxış edərək turnirin dörddəbir finalına yüksələ bilib. Ulduz yarımmüdafiəçi, eyni zamanda, Rüştü Reçberdən sonra üç Avropa çempionatında iştirak edən ikinci türk futbolçusu olub. O, Almaniyada keçirilən turnirdə Çexiyaya 2-1 hesabı ilə qalib gəldikləri son qrup oyununda qol da vurub.
Çalhanoğlu ötən mövsüm xüsusilə "İnter"də əla çıxış edib. O, Simone İnzaginin komandası 20-ci Skudettosunu qazananda (Çalhanoğlunun siftəsi) 32 oyunda 13 qol vurub (şəxsi rekordu!) və üç məhsuldar ötürmə verərək aparıcı oyunçulardan biri olub. Rəsmən A seriyasının ən yaxşı yarımmüdafiəçisi seçilib və "SofaScore"un qiymətləndirməsinə görə, müvafiq olaraq, ortalama 7.31 və 7.68 nəticələrlə son iki mövsümdə İtaliya çempionatının ən yaxşı oyunçusu olub.
Buna baxmayaraq, yayda Çalhanoğlunun "İnter"dəki gələcəyi sual altında idi. Belə ki, o, Avro-2024 zamanı "Bayern"in yeni baş məşqçisi Vinsent Kompaninin əsas hədəfinə çevrilmişdi. Bildirilir ki, bavariyalılar onu keçən mövsüm titulsuz qaldıqdan sonra güclü orta xətti bərpa etmək üçün potensial oyunçu kimi görürdülər.
Mətbuat hətta "İnter"linin klubdan gizli Almaniya nəhəngi ilə şəxsi müqaviləsinin şərtləri ilə bağlı danışıqlar apardığını bildirmişdi. Məlumata görə, "Bayern" 30 yaşlı futbolçuya 4 illik müqavilə və İtaliyada aldığından daha yüksək maaş təklif edibmiş.
Üstəlik, "Bavariya"nın onun üçün Milan klubuna təxminən 70 milyon avro ödəməyə hazır olduğu da deyilirdi.
Nəhayət, "Sky Sports"a verdiyi müsahibədə Çalhanoğlu yayda "Bayern"ə mümkün keçidi ilə bağlı yayılan şayiələrə toxunub. O, "Cüzeppe Meazza"dan ayrılmağa çalışdığı ilə bağlı deyilənləri qəti təkzib edib: “Məni tanıyanlar necə biri olduğumu bilirlər. Həmişə susuram və az danışıram. Heç vaxt ayrılmağı düşünməmişəm. Söz-söhbətlər çıxanda belə, “İnter”də qalacağıma əmin olmuşam. Bütün diqqətimi işimə yönəltmək istədim və hamını sakitləşdirmək üçün yalnız sonda danışmağa qərar verdim”.
"Calcio & Finanza"ya görə, Çalhanoğlu A seriyasında ən çox maaş alan dörd oyunçudan biridir. Viktor Osimhen "Napoli"dən ayrıldıqdan sonra Duşan Vlahoviç "Yuventus"da mövsümə 12 milyon avro xalis gəlirlə A seriyasının ən çox qazanan futbolçusu olub. Onun ardınca bu yaxınlarda yeni və daha sərfəli şərtlərlə müqavilələr imzalamış "İnter"in üçlüyü gəlir: əlavə bonusları saymasaq, 9 milyon avro ilə Lautaro Martinez və hər biri 6,5 milyon avro ilə Çalhanoğlu və Barella və üstəgəl bonuslar.
Təbii ki, Çalhanoğlunun 2023/24 mövsümünün “Qızıl top”unu qazanmaq şansı yüksək deyil. Nüfuzlu mükafatı almağa əsas namizədlərin reytinqini tərtib edən Goal.com da onu 15 futbolçunun olduğu siyahıya daxil etməyib.
Türkiyəli futbolçunun özü "İnter"dəki oyundaşı Lautaro Martinezin “Qızıl top”u alacağına ümid etdiyini bildirib: “O, bizim kapitanımızdır, komanda yoldaşlarını idarə etməyi bacarır və hər zaman yeni nəyisə necə etməyi yaxşı bilir. O, çox qol vurur və əsas da budur. Ümid edirəm ki, mükafata layiq görüləcək”.
Düzdür, “Qızıl top”u qazanmağa əsas namizədlər kimi, əsasən, "Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior və “Mançester Siti”nin ispaniyalı dayaq yarımmüdafiəçisi Rodrinin adları çəkilir.
Qeyd edək ki, "Qızıl top"un yeni sahibi oktyabrın 28-də Parisdə elan olunacaq. /idman.biz