q
  • Bakı 19° C

    1.34 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

SOS: Onlayn cinsi istismar artır

CƏMİYYƏT

12 May 2026 | 14:58

SOS: Onlayn cinsi istismar artır

Onlayn cinsi istismar halları son 4 ildə 9 faktdan 1665 fakta qədər yüksəlib. Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub. Bəs onlayn cinsi istismar nədir və bu halların sayı niyə son illərdə dəfələrlə artmağa başlayıb?

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin Musavat.com-a bildirdiyinə görə, rəhbərlik etdiyi müəssisəyə yerləşdirilən yetkinlik yaşına çatmayan qızlar arasında aparılan araşdırmalar göstərir ki, cinsi istismar halları əsasən aldadılma və manipulyasiya yolu ilə baş verir: “Bu hallar isə daha çox sosial şəbəkələr vasitəsilə, tanışlıq münasibətləri üzərindən formalaşır. Yəni söhbət çox vaxt birbaşa cinayətkar çevrədən deyil, ilkin mərhələdə sadə ünsiyyət və etibar qazanmaq cəhdlərindən gedir. Lakin zamanla bu əlaqələrin bəziləri daha təhlükəli istiqamətə yönələ bilir və nəticədə istismar hallarına çevrilir”.

Onun sözlərinə görə, qeyd olunan rəqəmlər isə həqiqətən də çox böyükdür. Qurum sədri qeyd edib ki, cəmiyyət bu məsələ ilə bağlı daha aktiv və sistemli mübarizəyə qoşulmalıdır: “Bunun üçün isə ilk növbədə geniş maarifləndirmə işlərinə ciddi ehtiyac var. Ən vacib məqamlardan biri odur ki, bu gün sosial şəbəkələrdə qurbanların böyük hissəsini azyaşlılar təşkil edir. Onların əsas maraq dairəsi daha çox əyləncə platformalarıdır, xüsusilə “TikTok” kimi tətbiqlər ön plana çıxır. Bəzən tanışlıqlar da məhz bu platformalar üzərindən yaranır. Aparılan müşahidələr göstərir ki, risk qrupuna düşən və təhlükəli vəziyyətlə üzləşən müraciətlərin böyük əksəriyyəti “TikTok” üzərindən daxil olur, çox az hissəsi isə “Instagram” vasitəsilə qeydə alınır. Bu isə artıq ciddi şəkildə həyəcan təbilinin çalınması deməkdir. Deməli, biz cəmiyyət olaraq bu istiqamətdə daha sistemli və təşkilatlanmış iş aparmalıyıq”.

Onun fikrincə, valideynlər xüsusilə öz uşaqlarına nəzarəti gücləndirməli, onların internetdə hansı platformalardan istifadə etdiyini, kimlərlə ünsiyyətdə olduğunu diqqətlə izləməlidir: “ Eyni zamanda, uşaqların onlayn davranış dairəsi də mütləq şəkildə nəzarətdə saxlanmalıdır. Hesab edirəm ki, gələcək hesabatlarda bu məsələnin daha dəqiq təhlili üçün yaş kateqoriyaları üzrə bölgünün də ayrıca təqdim olunmasına ehtiyac yaranacaq. Bu, problemin daha düzgün qiymətləndirilməsi və effektiv mübarizə tədbirlərinin görülməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Məlumat üçün qeyd edək ki, onlayn cinsi istismar bir çox ölkədə ağır cinayət hesab olunur və qanunvericiliklə ciddi şəkildə cəzalandırılır. Azərbaycanda onlayn cinsi istismar halları bir neçə qanun maddəsi ilə tənzimlənir və bu əməllər ağır cinayət hesab olunur. Konkret hadisənin xarakterindən asılı olaraq müxtəlif cəzalar tətbiq edilə bilər.

Əgər azyaşlıların intim görüntülərinin hazırlanması, yayılması və ya saxlanılması faktı aşkarlanarsa, bu, Cinayət Məcəlləsinə əsasən ciddi cinayət sayılır və bir neçə ildən uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına qədər nəticələnə bilər. Şəxsin intim görüntülərini icazəsiz yaymaq, həmin görüntülərlə şantaj etmək, hədə-qorxu gəlmək və ya pul tələb etmək də cinayət məsuliyyəti yaradır. Bu hallarda cərimə, azadlığın məhdudlaşdırılması və ya həbs cəzası tətbiq oluna bilər. Əgər söhbət azyaşlıların internet vasitəsilə cinsi xarakterli söhbətlərə cəlb edilməsindən, onların istismar məqsədilə aldadılmasından gedirsə, bu zaman daha ağır maddələr tətbiq olunur. Xüsusilə uşaqlara qarşı törədilən cinayətlərdə cəzalar daha sərt olur. Bundan başqa, kiberməkanda saxta profillə şəxsi məlumatların əldə olunması, şəxsi həyatın toxunulmazlığının pozulması, təhdid və təqib halları da ayrıca cinayət tərkibi yaradır.

Qeyd edək ki, onlayn cinsi istismar internet və rəqəmsal platformalar vasitəsilə bir şəxsin, xüsusilə uşaqların və yeniyetmələrin cinsi məqsədlərlə istismar olunmasıdır. Bu hallar sosial şəbəkələrdə, mesajlaşma tətbiqlərində, onlayn oyun platformalarında və digər rəqəmsal mühitlərdə baş verə bilər. Onlayn cinsi istismara şəxsin intim foto və videolarının aldatma, manipulyasiya və ya təzyiq yolu ilə əldə olunması, şantaj və hədə-qorxu vasitəsilə intim görüntülərin tələb edilməsi, uşaqların və yeniyetmələrin cinsi xarakterli söhbətlərə cəlb olunması, saxta profillərlə etibar qazanaraq sonradan istismar edilməsi, şəxsi görüntülərin icazəsiz yayılması və ya bununla hədələnməsi, eləcə də onlayn platformalarda cinsi xarakterli təqib və zorakılıq hallarının törədilməsi daxildir.

Mütəxəssislər bildirirlər ki, sosial şəbəkələrin sürətlə yayılması, uşaq və yeniyetmələrin internetə daha erkən yaşlarda çıxış əldə etməsi, valideyn nəzarətinin zəifləməsi və rəqəmsal təhlükəsizliklə bağlı maarifləndirmənin kifayət qədər olmaması bu halların artmasının əsas səbəblərindəndir. Xüsusilə son illərdə “TikTok”, “Instagram”, “Telegram” və müxtəlif oyun platformalarında tanımadığı şəxslərlə ünsiyyət quran azyaşlıların sayının artması riskləri daha da yüksəldib.

Ekspertlər qeyd edirlər ki, bir çox hallarda cinayətkarlar saxta profillərlə uşaqların və yeniyetmələrin etibarını qazanır, daha sonra onları psixoloji təzyiq, şantaj və hədələrlə istismar etməyə çalışırlar. Bəzi hallarda isə şəxsi görüntülər sonradan pul tələb etmək və ya müxtəlif məqsədlərlə yaymaq üçün istifadə olunur. Mütəxəssislərin fikrincə, bu cür hallar insanların psixoloji vəziyyətinə ciddi zərər vurur, qorxu, depressiya, travma, özgüvən itkisi və sosial problemlərə səbəb olur. Xüsusilə azyaşlılar və yeniyetmələr bu təhlükələr qarşısında daha həssas hesab edilir. Bu baxımdan tövsiyə olunur ki, şəxsi məlumatlar və intim görüntülər internetdə paylaşılmamalı, tanımadığınız şəxslərlə ehtiyatlı ünsiyyət qurulmalı, şübhəli mesaj və təkliflərə cavab verilməməli, uşaqların internet fəaliyyəti valideyn nəzarətində saxlanılmalı və belə hallarla qarşılaşdıqda dərhal valideynlərə, hüquq-mühafizə orqanlarına və ya aidiyyəti qurumlara məlumat verilməlidir.


SON XƏBƏRLƏR

12 May 2026