• Bakı 21° C

    5.76 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

“Şükriyyə” tamaşası Gürcüstanda nümayiş olunacaq

MƏDƏNİYYƏT

08 Oktyabr 2025 | 12:23

“Şükriyyə” tamaşası Gürcüstanda nümayiş olunacaq

Okyabrın 14-də Akademik Milli Dram Teatrının “Şükriyyə” tamaşası Gürcüstanın paytaxtında, Şota Rustaveli adına Milli Teatrda nümayiş olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Azərbaycan və Gürcüstanın Mədəniyyət Nazirliklərinin dəstəyi ilə reallaşır.

Nümayiş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında fevralın 22-də imzalanmış beynəlxalq əməkdaşlıq Memorandumuna əsasən təşkil edilir.

Tamaşa yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanıb və Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşçu rejissorluğu ilə səhnəyə qoyulub. Səhnədə əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), xalq artistləri Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç) və Əli Nur (Süleyman bəy), eləcə də digər tanınmış aktyorlar çıxış edirlər. Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov və rejissor assistenti Nərmin Həsənovadır.

“Şükriyyə” tamaşası Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin sürgün həyatını əks etdirir. Stalin rejiminin repressiyalarına məruz qalmış Şükriyyə Axundzadə Qazaxıstanın Akmolinski vilayətində səkkiz il sürgün həyatı yaşayıb. Tamaşa yalnız onun deyil, digər ölkələrdən, o cümlədən Gürcüstandan sürgün edilmiş qadınların da taleyinə işıq tutur və insanın mənəvi təmizliyi, çətin sınaqlarda ləyaqətini qorumasını nümayiş etdirir.

Qeyd edək ki, Memorandum teatrlar arasında qarşılıqlı ustad dərslərinin keçirilməsi, rejissorlar arasında görüşlərin təşkil olunması, birgə tamaşaların hazırlanması, yaradıcı kollektivlərin gəzintiləri və müxtəlif mədəni tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. İlk addım olaraq, bu ilin mart ayında dünya şöhrətli rejissor Robert Sturuanın Akademik Milli Dram Teatrında ustad dərsi təşkil olunub.


SON XƏBƏRLƏR

07 Oktyabr 2025