• Bakı 14° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Sülh sazişinin vaxtı çatıb: Qərb tərəflər arasındakı münasibətdən sui-istifadə etməyə çalışacaq

SİYASƏT

17 Mart 2025 | 12:45

Sülh sazişinin vaxtı çatıb: Qərb tərəflər arasındakı münasibətdən sui-istifadə etməyə çalışacaq

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb”.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib. Nazir açıqlamasında "Azərbaycanın növbəti gözləntisi Ermənistan konstitusiyasında dəyişiklik edilməsidir" sözlərini işlədib.

Bu yekun nəticə artıq Cənubi Qafqazda davamlı sülhün bərqərar olacağını göstərirmi? Ola bilər ki, Ermənistanın təklifləri qəbul etməsinin kökündə başqa məqsədlər dayansın?

Mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

H.Hacıyev bildirib ki, Ermənistan sülh müqaviləsinin imzalanması prosesini ortaya atmaqla, öz məsuliyyətini Azərbaycanın üzərinə atmaq istəyir:

"Azərbaycan sülh müqaviləsinə qol çəkə bilər. Ölkəmiz Emənistanın əlinə "kozır" verməməlidir. Əgər Ermənistan Azərbaycanın irəli sürdüyü iki maddə ilə bağlı razılığa gəlibsə, təcili şəkildə sülh sazişinin imzalanmasına razı olmalıyıq”.

Müsahibimizin fikrincə, bu il ərzində müəyyən düzəlişlərlə sülh sazişinin imzalanması regionda sabitliyin təmin olunmasına imkan yarada bilər:

“Çünki bəzi ölkələr sülh sazişinin imzalanmamasında və regionda sülhün bərqərar olmamasında maraqlıdır. Onlar çalışırlar ki, Azərbaycanla Ermənistan arasında olan konfliktdən öz mənfəətləri üçün istifadə etsinlər. Biz bu imkanı həmin ölkələrin əlinə verməməliyik".

Hafiz Hacıyev: Sülh sazişinin imzalanması regionda sabitliyin təmin olunmasına imkan yarada bilər

Partiya sədri qeyd edib ki, Azərbaycan öz gücünə işğal altında olan torpaqlarını azad etmiş bir ölkədir. Ermənilər də artıq bilirlər ki, ölkəmizin güclü ordusu var və istənilən həmləyə cavab vermək iqtidarındadır.

"Əgər Azərbaycanla Ermənistan sülh sazişi imzalamasa, bəzi Qərb ölkələri tərəflər arasındakı münasibətdən sui-istifadə etməyə çalışacaq. Ona görə də sülh sazişinin imzalanmasının vaxtı çatıb", - deyə Hafiz Hacıyev qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR