Azərbaycan–Ermənistan münasibətlərində danışıqların intensivləşməsi, xüsusilə də Münxendə keçirilən son görüşlər regionda sülh gündəliyinin daha konkret mərhələyə daxil olduğunu göstərir.
Tərəflərin kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı etimadın bərpası istiqamətində atdığı addımlar artıq prosesin texniki müzakirələrdən siyasi qərarlara doğru irəlilədiyini nümayiş etdirir.
Hazırkı mərhələ sülh sazişinin imzalanmasına gətirib çıxara biləcək ən kritik addımın müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və tərəflərin strateji iradəsi bu prosesdə həlledici rol oynaya bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində kifayət qədər ciddi addımlar atılır:
"Artıq irəliyə doğru intensiv şəkildə atılan addımlar sırasında ilk olaraq Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması dayanır. Ardınca isə həmin razılaşdırılmış sülh sazişi mətninin Vaşinqtonda üçtərəfli imza ilə, yəni Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə paraflanması olduqca ciddi addım kimi qiymətləndirilə bilər".
Onun sözlərinə görə, yekun proses məhz yekun sülh sazişinin rəsmi imzalanmasından sonra başa çata bilər və bu məsələ bir dəfəlik həllini tapmış olar:
"Bununla belə, yekun sülh sazişinin imzalanması üçün bəzi şərtlərin yerinə yetirilməsi vacibdir. İlk növbədə Paşinyan hakimiyyətinin növbəti parlament seçkilərində qalib gəlməsi mühüm amil hesab olunur".

Həmsöhbətimiz qeyd edib ki, əks halda hakimiyyətə Rusiyanın təsir şəbəkəsinə bağlı siyasətçilər gələ bilər ki, bu da yekun sülh sazişinin imzalanmasını ləngidə və ya bloklaya bilər. Bu baxımdan Paşinyan hakimiyyətinin növbəti parlament seçkilərində qalib gəlməsi önəmli faktordur.
"Əgər Paşinyan hakimiyyəti növbəti parlament seçkilərində qələbə qazanarsa, Ermənistanda referendum keçiriləcəyi və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaların ləğvi ilə bağlı qərar veriləcəyi bildirilir. Rəsmi İrəvanın açıqlamasına görə, Ermənistanın yeni Konstitusiyası mart-aprel aylarına qədər hazır olacaq və bundan sonra sənəd referenduma çıxarılacaq",- müsahibimiz əlavə edib.
Elçin Xalidbəyli onu da deyib ki, Azərbaycan indiki mərhələdə cəmi bir şərt irəli sürür:
"Bu şərt Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılmasıdır. Bu addım atıldıqdan sonra sülh sazişinin imzalanması qarşısında heç bir əngəl qalmayacaq. Paşinyan hakimiyyəti növbəti parlament seçkilərində qalib gələrsə, Ermənistanda referendum keçiriləcək, Konstitusiyada dəyişiklik ediləcək və bu dəyişiklikdən sonra Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişi rəsmi şəkildə imzalanmış olacaq".
Əli Hüseynov
Bakı 




