Texas Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış sistem insanların beynindən keçənləri dəqiq proqnozlaşdıra bilib. Texnologiyanın gələcəkdə danışma qabiliyyətini itirmiş insanların yenidən ünsiyyət qurmasına imkan yarada biləcəyi deyilsə də, inkişafın narahatlıq doğurduğu da bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ-ın Texas ştatında aparılan süni intellekt araşdırması Mel Gibsonun 2000-ci ildə çəkdiyi "Qadınlar nə istəyir" filmini gerçəkləşdirib. “Nature Neuroscience” elmi jurnalında dərc olunan Texas Universitetinin tədqiqatçılarının araşdırmasına əsasən, insan fikirlərini oxuya bilən süni intellekt sistemi hazırlanıb.
ChatGPT və Bard kimi chatbotların insan dilini təqlid etmək üçün istifadə etdiyi dil xəritələrinə əsaslanaraq, tədqiqatçılar subyektlərin eşitdiyi sözləri və beynin müəyyən nahiyələrinə qan axınını təhlil etmək üçün Funksional Maqnit Rezonans Görüntülemə (fMRI) cihazından istifadə ediblər. Bu istiqamətdə 16 saat ərzində mövzular dinlənilib, səssiz filmlər nümayiş olunub. Tədqiqat nəticəsində subyektlərin beynində olan fikirləri oxumağa çalışan sistem eyni kontekstdə ifadələr çıxarmağı bacarıb. Dr Alexander Huth və həmkarları süni intellektdən istifadə edərək iştirakçıların fMRI görüntülərini sözlərə və cümlələrə çevirə bildilər.
Sistem müxtəlif səbəblərdən danışıq qabiliyyətini itirmiş insanların sağlam ünsiyyət qura bilməsi məqsədi ilə hazırlanır. Yeni araşdırmanın oxşar tədqiqatlardan əhəmiyyətli fərqi fMRI cihazından istifadə edildiyi üçün beyin implantına ehtiyac olmamasıdır. Tədqiqatın aparıcı müəlliflərindən biri olan doktor Alexander Huth hələ yolun başlanğıcında olduqları halda belə bir addımın atılmasının həyəcanverici olduğunu deyir.
Süni intellektin (AI) xaç atası və Google Brain tədqiqat bölməsinin rəhbəri kimi tanınan britaniyalı kompüter alimi Geoffrey Hinton işini tərk edib.
75 yaşlı Hinton süni intellekt texnologiyalarının mümkün təhlükələri haqqında sərbəst danışmaq üçün istefa verdiyini və bu sahəyə verdiyi töhfələrə görə qismən peşman olduğunu bildirib. Süni intellekt texnologiyasından istifadə edilərək istehsal edilə bilən saxta şəkillərin və mətnlərin çoxalmasının böyük bir dezinformasiya yığını yaradacağından və bunun nəyin doğru, nəyin yanlış olduğunu ayırd etmək mümkün olmayacaq yerə çatacağından qorxduğunu ifadə edən Hinton, ondan pis aktyorların istifadə edə biləcəyini deyib.
Süni intellekt texnologiyalarının insan zəkasından daha yaxşı hala gəlməsinin “ekzistensial problem” yarada biləcəyindən narahatlığını deyən Hinton qeyd edib ki, buna hələ çox vaxt qaldığını düşünüb: "Hesab edirdim ki, 30-50 il və ya daha çox vaxt var. Açığı, mən artıq belə düşünmürəm”.
Ay Tac















