• Bakı 28° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

Azərbaycanda  Qurban bayramı qeyd olunur 

CƏMİYYƏT

16 Iyun 2024 | 00:00

Azərbaycanda  Qurban bayramı qeyd olunur 

Azərbaycanda bu gün və sabah Qurban bayramı qeyd olunur.

Bakıvaxtı.az-ın xəbərinə görə, Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 16-na təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Qurban bayramı ilə bağlı verdiyi fətvada qeyd olunur ki, şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 16-da isə məscidlərdə Bayram namazı qılınacaq.

Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə maddi imkanı olan adamların qurban kəsməsi bəyənilən əməldir və Həzrət Peyğəmbərin (s) mübarək hədisinə əsasən “Adəm oğlu üçün Qurban bayramı günündə Allah yolunda qurbanlıq kəsməkdən daha gözəl bir əməl ola bilməz”.

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, iribuynuzlu heyvan və dəvəni də qurbanlıq niyyəti ilə kəsmək olar. Qurbankəsmə ayininin təmizlik və sanitariya qaydalarına uyğun şəraitdə, müvafiq icra qurumları tərəfindən təyin olunmuş yerlərdə kəsilməsi məqsədəuyğundur.

Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalı, xəstə və qüsurlu olmamalıdır. Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Keçi və qoyunu bir nəfər, iribuynuzlu heyvanı isə bir neçə nəfər cəmləşərək kəsə bilər.

Borc alıb qurban kəsmək şəriətə uyğun deyil. Heyvanın üzü qibləyə yönəldilərək Qurban niyyəti ilə sahibi və ya kəsəni tərəfindən Allahın adı çəkilərək kəsilməsi vacibdir, qurbanlıq azyaşlı uşaqların və digər heyvanların gözü qarşısında kəsilməməlidir. Qurban ətinin satılması və ya sahibinə gəlir gətirən işlərin görülməsi haramdır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissənin fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Qurban şükür, səmimiyyət, ixlas və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə valideynlərin və yaxınların ziyarət olunması, qocalara və yetimlərə qayğı göstərilməsi bəyənilən əməllərdəndir.

Milli Qurtuluş Günü, eləcə də Qurban bayramı ilə əlaqədar iyunun 15-dən 20-dək ölkə ərazisində qeyri-iş günü olacaq. Belə ki, 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü, iyunun 16, 17-si Qurban bayramı günləridir.

Əmək Məcəlləsinə əsasən, istirahət və bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Beləiliklə, 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir.

Qeyd edək ki, bu il ilk dəfə olaraq Xocalıda, Xankəndidə də Qurban bayramı qeyd olunacaq.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR