• Bakı 17° C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Tələblər yerinə yetirildi: İranla aramızda ciddi problemlər qalmayıb

SİYASƏT

21 May 2025 | 16:51

Tələblər yerinə yetirildi: İranla aramızda ciddi problemlər qalmayıb

Xəbər verdiyimiz kimi, 2023-cü ildə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə bu gün səhər saatlarında edam edilib. Bu barədə İran Məhkəmə Sisteminin saytı ("Mizan") məlumat yayıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizəçisi də hücumun qarşısını alarkən yaralanıblar. Ekspertlərin fikrincə, səfirliyimizə hücum edən şəxsin ən sərt formada cəzalandırılması, ölüm hökmünün icrası Azərbaycan-İran əlaqələrindəki gərginliyin tədricən aradan qalxmasına gətirib çıxara bilər.

Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, İranla Azərbaycanın münasibətləri son günlərdə nisbətən normallaşmaqdadır.

Ekspertin sözlərinə görə, xüsusən İran prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərindən sonra ikili əlaqələrdə normallaşma əyani şəkildə özünü göstərir. Politoloq bildirib ki, əslində Azərbaycan və İran münasibətlərinin yaxşılaşması istiqamətində addımlar məhrum prezident İbrahim Rəisinin dönəmində başlamışdı:

“Dövlətimizin  başçısı İlham Əliyev İbrahim Rəisi ilə sərhəddəki görüşündə ikitərəfli münasibətlərin normallaşmasını müzakirə etmiş, müvafiq tapşırıqlarını vermişdi. Pezeşkianın səfəri bu tendensiyanı tam rəsmiləşdirdi”.

“İndi biz yeni mərhələyə qədəm qoymuşuq” deyən İ.Vəlizadə hesab edir ki, münasibətlərimiz daha konstruktiv əsaslar üzərində inkişaf etməkdədir:

“İran prezidentinin Azərbaycana səfəri də buna əyani sübutdur. Digər tərəfdən qeyd etmək lazımdır ki, bu proseslər regional və beynəlxalq gərginlik fonunda verir. Ona görə də nə Azərbaycana, nə də İrana münasibətlərin gərgin müstəvidə saxlanması məqbul deyil. Ona görə də hər iki tərəf münasibətlərini tənzimləyərək çalışırlar ki, dialoq proqnozlaşdırılan konkret nəticələr versin. Buna doğru real addımlar atılmaqdadır. Bu yaxınlarda Azərbaycan və İran birlikdə hərbi təlimlər keçirdi. Bu, onu göstərir ki, iki ölkə arasında bir sıra məsələlərdə ziddiyyətlər qalsa da, konstruktiv dialoqa maneçilik törətmir".

İlqar Vəlizadə: İranla dialoqun yeni mərhələyə qədəm qoymasına imkanlar yaranır

Analitikə görə, Tehrandakı səfirliyimizə hücum etmiş şəxsin nəhayət, edam olunması onu göstərir ki, Azərbaycan öz tələbləri üzərində qətiyyətlə durur:

"İran hökuməti qarşısında açıq-aşkar tələblər qoyulub. Bu tələblərin arasında Azərbaycanın Tehranda yeni səfirlik binasının açılması, daha təhlükəsiz şəraitdə fəaliyyətə başlaması yer alırdı. Həmçinin, səfirlik işçilərinin həyatına, təhlükəsizliyinə Tehran hökuməti tərəfindən daha ciddi təminatın, zəmanətin verilməsi tələb olunub. Digər mühüm tələb isə bu teraktı törədən şəxsin edam olunması idi və bu artıq reallaşdı”.

İranın bütün şərtləri qeyd-şərtsiz yerinə yetirdiyini deyən İlqar Vəlizadə bildirib ki, aramızda ciddi problemlər qalmayıb:

“Bu da ikitərəfli dialoqun yeni mərhələyə qədəm qoymasına imkanlar yaradır. Bu, eyni zamanda digər ölkələrə də mesajdır. Rusiya ilə bağlı da gərginliyimiz, tələblərimiz var. Yaxşı olar ki, Rusiya da bənzər addım atsın, tələblərimizi icra etsin".

Aydın Baxış


SON XƏBƏRLƏR