“Uzun müddət tıxacda qalmaq insanlarda emosional gərginlik, stress və hətta depressiya kimi problemlərin yaranmasına səbəb ola bilir”.
Bunu Bakıvaxtı.az-a psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov həyatımızın ayrılmaz parçasına çevrilən tıxacların sağlamlığımıza göstərdiyi təsirlərdən fanışarkən deyib.
Psixoloq qeyd edib ki, tıxacda saatlarla qalmaq insanların səbirsizliyini artırır, bu da əsəbilik və aqressiyanın yüksəlməsinə gətirib çıxarır:
“İnsanlar vaxt itkisinə görə özlərini gərgin hiss edir, xüsusilə də vacib görüşlərə, işə və ya hansısa məclisə gecikdikdə narahat olurlar. Araşdırmalar göstərir ki, tıxac zamanı stress hormonları - kortizol və adrenalin səviyyəsi artır, bu isə emosional partlayışlara səbəb olur”.
Müsahibimiz gündəlik tıxacların insan beynini davamlı stress vəziyyətində saxladığını deyib. Onun sözlərinə görə, uzun müddət bu cür yüklənmə yaddaş problemləri, diqqət dağınıqlığı və iş qabiliyyətinin azalmasına səbəb ola bilir. Xüsusilə sürücülər üçün bu hal təhlükəli nəticələr doğura bilər, çünki diqqətin azalması yol qəzalarına səbəb ola bilər:
“Eyni zamanda mütəmadi olaraq tıxacla qarşılaşan şəxslərdə motivasiya azlığı, gündəlik işlərdən və fəaliyyətlərdən zövq alma hissi zəifləyir. Davamlı stress insanı emosional tükənməyə gətirib çıxarır ki, bu da uzunmüddətli psixoloji problemlərə yol aça bilər. Tıxacın yaratdığı stress eyni zamanda qan təzyiqini artırır və ürək-damar sisteminə mənfi təsir göstərir. Xroniki stress infarkt və insult riskini artırır”.
Elnur Rüstəmov: Hər kəsin bu istiqamətdə kiçik də olsa addımlar atması vacibdir
Həmsöhbətimiz onu da vurğulayıb ki, saatlarla avtomobildə oturmaq fiziki aktivliyi azaldır və piylənmə riskini artırır.
“Göründüyü kimi, tıxaclar həm psixoloji, həm də fiziki sağlamlıq üçün ciddi problemlərə səbəb ola bilər. Bu problemin təsirlərini azaltmaq üçün həm fərdi səviyyədə, həm də dövlət və cəmiyyət səviyyəsində addımlar atılmalıdır. Alternativ nəqliyyat vasitələrinin inkişaf etdirilməsi, yol infrastrukturunun təkmilləşdirilməsi və iş saatlarının dəyişdirilməsi kimi tədbirlər tıxacın təsirlərini minimuma endirə bilər. Şəxsi səviyyədə isə stressi idarə etmə texnikalarından istifadə edərək və daha optimal nəqliyyat seçimləri edərək bu problemin təsirlərini azaltmaq mümkündür”.
Elnur Rüstəmov onu da deyib ki, mövzu cəmiyyətin ümumi rifahı üçün önəmli olduğundan hər kəsin bu istiqamətdə kiçik də olsa addımlar atması vacibdir.
Mina Mikayılova