Unun qiyməti bahalaşmaqda davam edir.
Bakıvaxtı.az-ın məlumatına görə, qiymət artımı 50 kiloqramlıq un kisəsində daha çox hiss olunur. Belə ki, əvvəlki aylarda 27 manata satılan 50 kiloqramlıq un kisəsinin hazırda satış məntəqələrində 32 manat və daha baha qiymətə təklif olunduğu bildirilir. Satıcılar bahalaşmaya əsas səbəblərdən biri kimi dəyirmanlarda qiymətlərin artmasını göstərirlər.
Bəzi ekspertlər qiymət artımının davamlı olacağını desə də, bir sıra mütəxəssislər bu vəziyyəti müvəqqəti hal kimi xarakterizə edirlər.

Vahid Əhmədov: Vəziyyətdən sui istifadə edən sahibkarlar süni qiymət artımı həyata keçirir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Vahid Əhmədov Bakıvaxtı.az-a bildirib ki, hazırda ölkədə unun qiymətində müəyyən artım müşahidə olunsa da, bu artım çörəyin qiymətinə təsir etməyəcək.
Onun sözlərinə görə, məlum olduğu kimi, bizim taxıl məhsullarını əsas idxal etdiyimiz ölkələrdə həm təbii fəlakətlər, həm də müharibələr mövcuddur. Bu baxımdan unun qiymətində artımların olması bir o qədər təəccüblü deyil, ancaq narahatlığa da əsas yoxdur.
“Çünki istər əsas idxalçımız olan Rusiyada, istərsə də ölkəmizdə taxıl ehtiyatı kifayət qədərdir. Unun qiymətindəki artım çörəyin çəkisində müəyyən azalmalarla özünü göstərsə də, proses qısa müddətli olaraq qiymətləndirilir. Buna görə də un məmulatlarının qiymətində artım gözlənilmir. Müşahidələrimə əsasən bir məqamı da qeyd etmək istərdim ki, bəzi hallarda vəziyyətdən sui istifadə edən sahibkarlar tərəfindən süni qiymət artımı həyata keçirilir”, - deyə Vahid Əhmədiv fikirlərini yekunlaşdırıb.

Natiq Cəfərli: Payızlıq buğdanın çıxdığı dövrə qədər qiymət artımı davam edəcək
İqtisadçı Natiq Cəfərli isə Bakıvaxtı.az-a açıqlamasında unun qiymətindəki artımın davamlı olacağını hesab edir. Müsahibimiz qeyd edib ki, Azərbaycanda əmtəəlik buğda çox az istehsal olunur, yəni un istehsalında istifadə olunan keyfiyyətli buğda cəmi öz ehtiyaclarımızın 25%-ni ödəyir:
“Bu halda biz 75% xaricdən asılıyıq. Əsas taxıl aldığımız ölkələr isə ənənəvi olaraq Ukrayna, Rusiya və Qazaxıstan olub. Ukraynadan müharibə ilə əlaqədar olaraq idxal edə bilmirik. Rusiya və Qazaxıstandan alınan taxılın da qiyməti artıb. Ümumiyyətlə, dünyada taxılın qiyməti artıb. Buna səbəb ondan ibarətdir ki, son iki ayda yaz aylarında həm Qazaxıstanda, həm Rusiyada taxıl əkilən bölgələrdə çox böyük daşqınlar oldu və ardınca aprel ayında şaxtalı hava şəraiti müşahidə olundu. Bu da qiymət artımına səbəb oldu”.
Onun sözlərinə görə, nəticə etibarilə Azərbaycanın da aldığı taxılın qiyməti qalxır. Ona görə də Azərbaycanda istehsal olunan unun və həmin undan istehsal olunan çörəyin qiymətində də artım müşahidə olunur:
“Unun qiyməti artır, amma çörək bahalaşmır. Bizdə çox qəribə bir tendensiya var. İlk növbədə qiyməti artırmırlar, amma çəkini aşağı salırlar. Çəkinin aşağı düşməsi də elə qiymət artımıdır. Ancaq qiymət artmadığına görə bu, çox böyük müzakirə obyektinə çevrilmir”.
Ekspert hesab edir ki, ən azından payızlıq buğdanın çıxdığı dövrə qədər bu qiymət artımı davam edəcək:
“Əgər payızda məhsul bol olarsa, o zaman qiymətlərin tənzimlənməsini görə bilərik”.
Günel Abbas
















