Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə oktyabrın ikinci cümə axşamı Ümumdünya Görmə Günü kimi qeyd edilir. Həmin tarix görmə problemi və görmə zəifliyi olanlara ictimai diqqəti yönəltmək, qlobal diqqəti cəlb etmək üçün təqvimə salınıb.
Bakıvaxtı.az xəbər verir ki, xroniki korluğa aparan əsas səbəblər sırasına katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitaminin çatışmazlığı daxil edilir. Eyni zamanda dünyada yaşla və nəzarətsiz diabetlə əlaqədar göz nurunun itirilməsi daha geniş yayılıb.
Görmə probleminin qarşısını düzgün müayinə və müalicə ilə almaq mümkündür.
Ümumdünya Görmə Günü çərçivəsində göz xəstəlikləri ilə əlaqədar maarifləndirmə və profilaktika tədbirləri aparılır, ödənişsiz oftalmoloq müayinəsindən keçmək imkanı yaradılır. Gözün oftalmoloqlar tərəfindən mütəmadi yoxlanılması mövcud problemləri erkən mərhələlərdə üzə çıxarmağa kömək edir. Ona görə də profilaktik qaydalara vaxtında əməl etməklə ciddi problemlərin qarşısını almaq olar.
Həkimlər nikotinin gözə etdiyi mənfi təsirə görə tütün çəkməkdən imtina etməyi, gözün torlu qişasının damarlarını möhkəmlədən qaragilə, qara qarağat, kök, qaraciyər, göyərti məhsulları yeməyi, televizor qarşısında və elektron oyunlarına sərf olunan vaxtı azaltmağı, kompüter arxasında işləyərkən müasir monitor və keyfiyyətli proqramlardan istifadə olunmasını məsləhət görürlər.
Azərbaycanda son illərdə uşaqlar arasında göz zəifliyi daha çox yaranıb. Buna səbəb nədir? Problem yaranmaması üçün nələr edilməlidir?
Həkim oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, pandemik vəziyət insanların həyat tərzini dəyişdirdiyi, psixologiyasına, səhhətinə təsir etdiyi kimi, gözlərə təsirindən də yan keçməyib: “Belə ki, virtual distant təhsil, onlayn, evdən iş, özünü təcrid-izolyasiya şəraitində adinamik həyat, rəqəmsal cihazlar qarşısında vaxt keçirmək məcburiyyəti gözlərdə gərginliyi artırır. Xüsusilə refraksiya qüsuru olan eynək istifadəçiləri bu vəziyyətdən əziyyət çəkirlər. Yaxına görmə - miopiyadan əziyyət çəkənlər uzağa görmə korreksiya üçün mənfi sferik linzalı eynək istifadə edirlər, bir qayda olaraq eynəkdə komfortlu olduqları üçün eynəyi çıxarmayan şəxslərdə gözdə gərginlik artır”.
Onun sözlərinə görə, Amerika optometrik cəmiyyətinin 2020-ci il iyun ayı üçün paylaşdığı «Rəqəmsal cihazlar əsrində yaşayan uşaqları gələcəkdə nə gözləyir? Smartfonların miopiyanın inkişafında təsiri varmı?» adlı araşdırmaların nəticələri miopların normal görməsi olan yaşıdlarıyla müqayisədə smartfonlarla 2 dəfə artıq vaxt keçirdiyini təsdiq edib. Cənubi Kaliforniyada 2018-ci ildə aparılan araşdırmada isə son 40 ildə miopların sayının 25%-dən 42%-ə qədər artması, smartfonların, rəqəmsal cihazların refraksiya patologiyası inkişafının miopiyanın proqressivləşməsində rolu olduğuna şübhə yaradır. Bu istiqamətdə araşdırmalar davam edir.
Araşdırmalar göstərir ki, qadjet istifadəçilərində cihazın gözdən aralılıq məsafəsi, onunla keçirilən vaxt, cihazın ölçü, kontrast, işıq spektri faktorları gözdə yorğunluq-gərginlik, quruluq, qızartı, ağrı şikayətləri yaradır: “Beləliklə, xüsusilə pandemiya dövründə miopiyanın inkişafı yaxud proqressivləşmə riski yüksəkdir. Eynək istifadə edən uşaqlar və yeniyetmələrin gözlərində olan refraksiya patologiyası, yəni eynək «nömrələri» arta bilər. Bu riski nəzərə alaraq gənclər və valideynlər məsuliyyətli olmalıdırlar. Əks halda refraksiya qüsuru qazanıla yaxud artıq aşkarlanmış refraksiya qüsuru inkişaf edə bilər”.
Müsahibimiz bildirir ki, bunun üçün hər bir şəxs iş vacibliyindən asılı olmayaraq, hər 40 dəqiqədən bir ən azı 5 dəqiqəlik fasilə etməli, gözlərini tez-tez qırpmalı(1dəqiqədə 15 qırpma təmin olunmalıdır), gözlərə bərk basmamaq şərtilə massaj etməli, göz gimnastikasına hərgün 10 dəqiqə əməl etməli, 8 saatlıq yuxu təmin olunmalı, vitaminli qidalanma və açıq havada- yaşıllıqda vaxt keçirilməlidir. Xüsusulə miop uşaqlara(uzağı görmək üçün eynək istifadə edən şəxslər) yaşıllıqda, açıq havada vaxt keçirmək mütləq vacibdir. Eynək istifadəçiləri mütəmadi göz müayinəsindən keçməlidirlər.Tədris ilinin başlanması və distant təhsilin labudlüyünü nəzərə alaraq uşaqların da oftalmoloji müayinəsi vacibdir.
Aytac Aslan
















