Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər yalnız dərəcələrin yenilənməsini deyil, iqtisadi idarəetmə, fiskal intizam və sahibkarlıq mühitinin müasir tələblər əsasında yenidən formalaşdırılmasını hədəfləyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, bu dəyişikliklər qeyri-neft və qaz sektorunun payının artırılması baxımından strateji əhəmiyyət daşıyır. Kiçik və orta sahibkarlar üçün güzəştlərin qorunması, nağdsız dövriyyənin stimullaşdırılması və vergi inzibatçılığının sadələşdirilməsi biznes üçün əlçatanlığı artıracaq.
Deputat həmçinin qeyd edib ki, gəlir vergisi üzrə güzəştlərin mərhələli şəkildə aradan qaldırılması həm işçilərin, həm də işəgötürənlərin yeni qaydalara uyğunlaşmasını təmin edəcək və sosial-iqtisadi sabitliyin qorunmasına töhfə verəcək.
Əli Hüseynov
Bakı 



