Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun məbləği artırılır. bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur.
Bəs bu artım əhali üçün kifayətdir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a danışıb:
“Yaşayış minimumunun artırılması ölkədə gedən inflyasiya proseslərinə uyğun və adekvat olmalıdır. İndi yaşayış minimumunun 196 manatdan 205 manata qaldırılması, təbii ki, son bir ildə qiymət, o cümlədən kommunal və ərzaq qiymətlərinin artırılmasını kompensasiya etmir. Sadəcə hökumət nümayəndələri yaşayış minimumunu kəskin artıra bilmirlər. Onu kəskin artırsalar, gərək bütün ödənişlərdə, minimum təqaüt və əmək haqqılarda da kəskin artırılma olsun. Ona görə də, müəyyən dərəcədə rəqəmlərlə oynamaqla yaşayış minimumunu daha aşağı səviyyələrdə hesablamağa çalışırlar. Bu da günümüzün reallığını əks etdirmir”.
Aytac Aslan
















