Xəbər verdiyimiz kimi, Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Yeni təyin edilmiş nazir kimdir?
Bakıvaxtı.az-ın məlumatına görə, Anar Rəhim oğlu Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.
O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini başa vurub. 2006-cı ildə hüquq elmləri üzrə fəlsəfə doktoru dərəcəsi alıb.
2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının üzvü olub.
Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini, Nazirliyin aparat rəhbəri vəzifələrində çalışıb.
Əli Hüseynov