Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan təsviri sənətinin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığının ardıcıl araşdırmaçısı, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Z.Əliyev 1948-ci il iyul ayının 1-də Şəmkirdə anadan olub. Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində başlayıb. Əvvəlcə elmi işçi, sonra isə "Qərbi Avropa və rus incəsənəti" elmi şöbəsinin müdiri vəzifəsində çalışıb. Burada 1993-cü ilə qədər davam edən fəaliyyəti dövründə dünya və milli təsviri sənətimizin öyrənilməsi, təbliği sahəsində səmərəli fəaliyyət göstərib.
Z.Əliyev Azərbaycan təsviri sənətin müxtəlif sahələrinə aid çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Tələbə illərində "Qobustan" jurnalında "Şamaxının qədim abidələri" adlı ilk məqaləsini çap etdirməklə sənətşünaslıq elmində fəaliyyətə başlayıb. Onun yüzdən çox elmi məqaləsi həm Azərbaycanda, həm də xarici dövlətlərin nüfuzlu jurnallarında dərc olunub.
Sənətşünasın təşəbbüsü və axtarışları nəticəsində hələ 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində respublikada ilk dəfə olaraq xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət "Əzizim Vətən yaxşı” adlı tarixi sərgi təşkil olunub.
Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.
Allah rəhmət eləsin.