• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Allah bilən məsləhətdi - Aqil Abbas yazır
YAZARLAR
13 Oktyabr 2022 | 20:22

Allah bilən məsləhətdi - Aqil Abbas yazır

Aqi̇l Abbas

İki qardaşı, özü də bir məhlədə  yaşayan qardaşı,  bir-birinə düşmən elədilər.  İndi də qırhaqırdı. ABŞ başda olmaqla NATO ölkələri və qeyri-NATO ölkələri Rusiyanı dağıtmaq üçün bütün güclərini  səfərbərliyə alıblar.  Rusiya da  üzünə dirənib, dağılmaq istəmir. Deyir  mən varam, dünya var, mən yoxamsa dünya da olmayacaq. Hamını nüvə silahı ilə hədələyir. Təbii ki, heç kim də Putini ciddiyə almır, Bayden başda olmaqla deyirlər ki, Putin nüvə silahına əl atmaz. Dənizdə batan saman  çöpündən  yapışdığı kimi dünyada da nüfuzunu və dövlətçiliyini  itirən Rusiya əlini  nüvə silahına atar. 

ABŞ və NATO dövlətləri durmadan Ukraynanı  silahlandırır. Nə veclərinə müharibədə qırılan  nə amerikalıdı, nə fransız, nə ingilis, qırılan ukraynalıdı və rusiyalıdı. 

Nə veclərinə dağılan şəhərlər nə Parisdi, nə Berlindi, nə Londondu, Nyu-York heç deyil. Dağılan  şəhərlər Donetskdi, Luqanskdı, Jitomirdi, Meriapoldu, Kiyevdi.

Ölkəsindən qaçqın düşən də nə ingilisdi, nə fransızdı, amerikalı  heç deyil. Ukrayna xalqıdı.

Belə fikirləşirlər ki, müharibə  uzandıqca Rusiyanın silah-sursatı da qurtaracaq. Rusiya 100 ildi nə Sovet xalqını, nə də öz xalqını xoşbəxt eləməyib. Allahın bir normal minik avtomobilini, bir normal avtobusunu düzəltməyib, əvəzinə tank düzəldib, raket düzəldib, «S-300», «S-400» düzəldib, kosmosda hərbi baza yaradıb. Yəni Rusiyanın  silah-sursatının  qurtarması Volqa çayının  quruması kimi bir şeydi. 

Həm də Rusiyanın Ermənistan  kimi güclü bir  müttəfiqi  var. Qoyarmı Rusiya  silahsız qalsın? Hələ mən İranı demirəm, Tacikistanı  demirəm.

Böyük 7-lik və Avropa  İttifaqı  qərar çıxarıb ki, Rusiyanın özünə birləşdirdiyi Ukraynanın  beş ərazisini tanımırlar və tanımayacaqlar. Rusiyanın  çox  vecinədi, tanımırsız tanımayın. Abxaziya  ilə Osetiyanı  tanımadınız nə oldu ki, indi də nə ola? 

Dünyada 800 milyon əhali aclıq  çəkir, dünyanın  özündən  deyən  ölkələrinin də  vecinə deyil. Ukraynaya  100 milyard dollarlıq  silah bağışlayıblar. Görən, Ukrayna dara düşüb əhalisini  yedirtmək üçün Amerikadan və Avropa dövlətlərindən 2-3 milyard  yardım istəsəydilər  verərdilər? Təbii ki, verməzdilər. 

Pandemiya çıxartdılar ki, dünyada  əhalinin  sayı azalsın, elə bir  effekt  vermədi. Ona görə də dünyanın əhalisini  azaltmaq üçün, «qızıl milyardlıq» əhali  saxlamaq üçün dünya  müharibəsinə  bir ehtiyac var.  Artıq ona da başlayıblar. Uduzan  Avropa dövlətləri  və Rusiya  olacaq.  Yenə də qalib ABŞ qalacaq. 

ABŞ və NATO ikinci, üçüncü müharibə  ocaqlarını  yaratmaq üçün Yunanıstanın qoltuğuna  qarpız verib  Türkiyəyə hürdürür, Ermənistana da dil verib bizə hürdürür. Dil deyəndə təbii ki,  pul, xəlvəti silah-sursat. 

Sayın Ərdoğan 3-cü Dünya  müharibəsinin  qarşısını almaq üçün qollarını  çırmayıb  girib  meydana. Bu da dünya liderlərinin  xoşuna gəlmir. Ona görə də Türkiyəni  təkləyirlər. 

Məmməd Araz deyir:

 

Körpülənin ay Arazlar,

Məni qoymayın təklənəm! 

 

Unudurlar ki, artıq Arazlar  körpülənib,  Türkiyə tək deyil, onun yanında Azərbaycan var. Sayın Ərdoğan da tək deyil, yanında sayın İlham Əliyev var və hər ikisinin  arxasında da artıq türklüklərini  başa düşmüş körpülənən Türk dövlətləri var.  Və unudurlar ki,  Türkiyə  asqırsa Yunanıstan fırtılığının  altında qalar.

Ən qorxulusu odur ki, bir tərəfdən Bayden, bir tərəfdən də Putin Allahı da bezdiriblər. Deyirlər Allahın 40 il səbri var, indi biz  40 il gözləyəkmi?! 

Bir məşhur hədisi  yada salmasam olmaz. Bir kişinin oğlunu qonşunun  oğlu vurub öldürür. Peyğəmbər meraca  gedirmiş, kişi qarşısını kəsir, soruşur ki, Allahdan öyrən görək mənim oğlumun qatili nə vaxt cəzalanacaq?

Peyğəmbər meracdan qayıdanda sualına cavab istəyir. Peyğəmbər buyurur ki, Allahdan  səda gəldi ki, 40 ildən sonra. Kişi də deyir:

- Allah bilən məsləhətdi. 

Gəlir həyətə, arvadı soruşur ki, Peyğəmbər nə dedi?

- Peyğəmbər dedi ki,  qırx ildən sonra  cəzalanacaq. 

Arvad:

- Allah bilən məsləhətdi. 

Girir evə, evdəki qızları soruşur ki, ana, nə xəbər? 

Ana:

- Allahdan səda gəlib ki, sənin qardaşını  öldürəni  qırx ildən sonra  cəzalandıracaq. 

Qız:

- Ana, Allah bilən məsləhətdi.

Bu vaxt qonşu  həyətdən  çığırtı  səsi gəlir. Kişi keçir qonşuya, görür ki, oğlunun  qatilini  ilan vurub  öldürüb. Başılovlu yüyürür Peyğəmbərin  arxasınca, çatır və deyir:

- Ya Peyğəmbər, bəs, Allah  buyurmuşdu ki, oğlumun qatilini  qırx ildən  sonra  cəzalandıracaq , amma bu dəqiqə  ilan vurub onu öldürdü.

Peyğəmbər təbəssümlə deyir:

- Mən sənə dedim qırx ildən sonra, sən şəkk  etmədin dedin  Allah bilən məsləhətdi. Allah  ona görə on il keçdi. Girdin həyətə arvadın  soruşdu, ona da dedin  qırx ildən  sonra, arvadın da dedi «Allah bilən məsləhətdi», on il də ona keçdi. Arvadın  da cavan  qardaşı  ölmüş qızına  dedi ki, Allah qardaşının qatilini qırx ildən sonra cəzalandıracaq, qızın da dedi ki, Allah bilən  məsləhətdi. Allah da gənc qızının xətrinə  iyirmi il də keçdi və dərhal  qatili  cəzalandırdı. 

Dünyanı qana  çalxalayanların  cəzasını  Allah nə vaxt verəcək?  Allah bilən məsləhətdi.  Birini mən dedim, qalanını da siz deyin: 

- Allah bilən məsləhətdi.


SON XƏBƏRLƏR

26 Dekabr 2024