• Bakı 32° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Azərbaycan qazının Suriyaya ixracına başlanıldı - VİDEO - YENİLƏNİB
İQTİSADİYYAT
02 Avqust 2025 | 12:15

Azərbaycan qazının Suriyaya ixracına başlanıldı - VİDEO - YENİLƏNİB

Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Suriyanın, Qətərin hökumət nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov 2025-ci il aprelin 11-də Antalyada, daha sonra isə cari il iyulun 12-də Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti cənab Əhməd Əl Şaraa ilə görüşlərində əldə edilmiş razılaşmalara uyğun olaraq, qısa müddətdə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlandığını bildirib. Bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyini qeyd edən nazir iki qardaş ölkə olan Azərbaycan və Türkiyənin bütün sahələri, o cümlədən enerji sektorunu əhatə edən strateji əməkdaşlığının bu tarixi əhəmiyyətə malik layihənin də çox qısa zaman ərzində icrasını mümkün etdiyini deyib. Belə ki, qardaş ölkələrimiz Suriyanın yenidən qurulması və inkişafına dəstək istiqamətində birgə fəaliyyət göstərir, önəmli addımlar atırlar.

Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəql olunması ölkəmizin enerji ixracı tarixində mühüm mərhələdir və Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur. Azərbaycan qazının ixrac olunduğu ölkələrin sayının 14-ə çatdığını söyləyən nazirin sözlərinə görə, SOCAR-ın planları daha böyükdür və hazırda SOCAR xaricdə qaz hasilatı layihələrində paylar əldə edərək şirkətə məxsus qazı yeni istehlakçı ölkələrə çatdırmağı planlaşdırır.

SOCAR-ın Müşahidə Şurasının sədri Azərbaycanın həyata keçirdiyi strateji enerji layihələrindən bəhs edərək, bu təşəbbüslərin ölkəmizin regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rola malik olduğunu bildirib. Nazir qeyd edib ki, Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ilə Azərbaycandan Suriyaya qaz nəqlinin başlanması ölkəmizin etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirir. Bu layihə ölkəmizin qaz ixrac coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə mühüm töhfələr verəcək.

Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir uzun illər davam edən müharibədən əziyyət çəkən Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətində göstərdiyi dəstəyə görə Azərbaycan və Türkiyə dövlətlərinə təşəkkürünü bildirib.

SOCAR ilə birlikdə Azərbaycan qazının Türkiyə-Suriya sərhədində təhvil verilməsini nəzərdə tutan “swap” (mübadilə) razılaşmasının imzalandığını bildirən Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar kədərli və sevincli günlərdə daim Türkiyənin yanında olan Azərbaycanın bu layihədə də dəstəyini əsirgəmədiyini qeyd edib. Azərbaycanın təbii qazının Kilis vasitəsilə Suriyaya ixrac olunacağını söyləyən nazir “Yavuzlu Ölçmə” Stansiyasından gündəlik 6 milyon kubmetr təbii qazın nəql olunacağını bildirib.

Alparslan Bayraktar Suriyaya qaz ixracı nəticəsində oradakı elektrik stansiyalarının da yaxın zamanda fəaliyyətə başlayacağını deyib. İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Bu təbii qaz vasitəsilə təqribən 1200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək. Bu layihə Suriyada həyatın normallaşmasına çox ciddi töhfə verəcək, insanların həyat səviyyəsini yüksəldəcək və ölkəyə geri qayıdış prosesini sürətləndirəcək.

Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində, həmçinin Türkiyə və Suriya nümayəndə heyətləri ilə ikitərəfli görüşləri təşkil olunub. Görüşlərdə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

11:58

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.

Bakıvaxtı.az bu barədə apa-ya istinadən xəbər verir.

    Açılış mərasimində iştirak edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti, Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir çıxış etdikən sonra səhnədə yerləşən vana (klapan) simvolik olaraq çevriblər və bununla da Azərbaycan qazının Suriyaya tədarükünə start verilib.

    Nazirlər boru xəttinin üzərinə öz imzalarını atıblar.

    ***

    11:19

    Bu gün Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib.

    Bakıvaxtı.az “Report”a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həmad Həssan Əl-Sulaiti (Fahad Hamad Hassan Al- Sulaiti) və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak ediblər.

    Nazirlərin çıxışlarından sonra rəsmi şəxslərin iştirakı ilə səhnədə simvolik olaraq quraşdırılmış boru kəmərinin klapanı çevrilib və bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına rəsmi olaraq start verilib.

    Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

    Yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın enerji infrastrukturunun bərpası baxımından mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına, eyni zamanda Türkiyənin regional enerji mərkəzinə çevrilməsi hədəfinə də ciddi töhfə verməyi məqsəd qoyur.

    Xatırladaq ki, cari il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.


    SON XƏBƏRLƏR

    01 Avqust 2025