Ermənistan və Azərbaycan tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasının fundamental prinsipi “Dağlıq Qarabağ münaqişəsi”nin həlli üzrə danışıqlar prosesinin bütün mərhələlərində aydın şəkildə ifadə olunub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.
"Bir tərəfdən hamıya məlum olan faktı, digər tərəfdən də, bəlkə də əhval-ruhiyyəni pozmamaq üçün aidiyyəti şəxslərin israrla bizə uzun müddət demək istəmədiklərini qeyd etməliyəm. Və bu fakt belədir: Ermənistan Respublikası Dağlıq Qarabağı heç vaxt tanımayıb”, - nazir deyib.
Mirzoyan bildirib ki, Alma-Ata Bəyannaməsinin imzalanması ilə Ermənistan Respublikası SSRİ-nin dağılması zamanı mövcud olan sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, bütün müvafiq sənədlərdə, o cümlədən Madrid prinsiplərində belədir.
O əlavə edib ki, Madrid prinsiplərindən biri ərazi bütövlüyüdür və öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyü çərçivəsində başa düşülür.