ABŞ və Birləşmiş Krallıq arasında yeni ticarət sazişi bu gün açıqlanacaq.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ və Birləşmiş Krallıq arasında yeni ticarət sazişinin bu gün rəsmi olaraq elan olunacağı gözlənilir. Məlumatı “Independent”ə istinadla AZƏRTAC yayıb.
ABŞ Prezidenti Donald Tramp sazişin əldə olunduğunu təsdiqləyərək, bu günü ABŞ və Böyük Britaniya üçün “çox böyük və həyəcanverici gün” adlandırıb.
Tramp yeni ticarət razılaşmasını Bakı vaxtı ilə saat 18:00-da Ağ Evdə keçiriləcək mətbuat konfransında təqdim edəcək. O, konfrans öncəsi verdiyi açıqlamada bildirib:
“Birləşmiş Krallıqla əldə olunmuş razılaşma tam və əhatəli bir sazişdir. Bu saziş ABŞ və Birləşmiş Krallıq arasındakı münasibətləri uzun illər ərzində möhkəmləndirəcək. Uzunmüddətli tariximiz və müttəfiqliyimiz nəzərə alınaraq ilk bu sazişi elan etmək bizim üçün böyük şərəfdir”.
Hazırda Böyük Britaniyadan ABŞ-a idxal olunan əksər məhsullara 10 faizlik gömrük rüsumu tətbiq olunur. Polad, alüminium və avtomobillər üzrə isə daha yüksək tariflər qüvvədədir. Eyni zamanda, Böyük Britaniya da ABŞ-dan gətirilən bəzi məhsullara rüsum tətbiq edir.
Yeni sazişin, xüsusilə avtomobil idxalında gömrük tariflərinin azaldılmasını və ABŞ texnoloji şirkətlərinə tətbiq olunan rəqəmsal satış vergisinin yumşaldılmasını nəzərdə tutduğu bildirilir.
Əli Hüseynov