İtaliya milli komandasının ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalması ölkədə böyük iğtişaşlara və qəzəbə səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Marzio məlumat yayıb.
Onun sözlərinə görə, DÇ-2026-ya vəsiqə qazana bilməyən “Squadra Azzura”nın azarkeşləri İtaliya Futbol Federasiyasının (FIGC) qərargahına hücum ediblər. Qəzəbli fanatlar federasiya binasını yumurta atəşinə tutublar. Qurumun prezidenti Qabriele Qravinanın istefasını tələb edən azarkeşlər binanın qarşısında sərt şüarlar yazılmış pankartlar nümayiş etdiriblər.
Xatırladaq ki, ötən gün İtaliya millisi pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya məğlub olaraq mundialdan kənarda qalıb. Zenitsadakı “Bilino Polje” stadionunda keçirilən dramatik matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İtaliyalı Moise Kean 15-ci dəqiqədə hesabı açsa da, bosniyalılar 79-cu dəqiqədə Haris Tabakoviçin qolu ilə tarazlığı bərpa ediblər. Qalib penaltilər seriyasında müəyyənləşib və Bosniya 4:1 hesabı ilə qalib gələrək tarixində ikinci dəfə dünya çempionatına yollanıb.
Qeyd edək ki, 2006-cı ilin dünya çempionu olan İtaliya 2018 və 2022-ci illərdən sonra 2026-cı il turnirini də evdən izləməli olacaq. DÇ-2026-nın isə bütün iştirakçıları artıq məlumdur./Qafqazinfo
Bakı 












