• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Küləyə nə var? - Etibar Cəbrayıloğlu yazır 
YAZARLAR
05 Aprel 2022 | 14:29

Küləyə nə var? - Etibar Cəbrayıloğlu yazır

 

Etibar Cəbrayıloğlu

Deməyin ki, xəbərimiz olmadı... O gün külək yenə Bakını qatmışdı qabağına. Afrika tərəflərindən gələn toz-duman da qoşulmuşdu ona. Bir vaxtlar Afrikadan biz tərəflərə daha çox bacarıqsız futbolçular gəlirdi, klublarımızda forma geyinib meydana çıxan da olurdu, toyda rəqs edə-edə aş gətirən də...

Nə isə, futbolu boş verək, futbol bizlik deyil. Küləkdən danışırdım axı, hə, Bakını qatmışdı qabağına. Dedim bir az da belə davam eləsə, yəqin Xəzər dənizini götürüb Ağsu tərəfə atar. Ən çox da paytaxtın cəmi 7-8 yerində mərhum Nəqliyyat Agentliyindən biz sərnişinlərə yadigar qalan ödəmə aparatlarından narahat idim. Külək güclənəndə ürəyim əsirdi, həmin aparatlar Neftçalaya tərəf uçub getsə idi gərək şəhərdaxili avtobusa kart yükləmək üçün biz də Neftçalaya gedəydik.

Gördüm bərk küləkdir, oturdum evdə. Vərəqi qoydum qarşıma, istədim şeirdənmi-poemadanmı bir şey yazım, həmin əsərə görə də ya Yazıçılar Birliyinə üzv olum, ya da heç olmasa Nobel mükafatı alım. Təzəcə başlamışdım, külək vərəqi apardı Rəssamlar İttifaqı tərəfə. Mən də rəsm çəkə bilmirəm axı, ona görə də heç vərəqin arxasınca qaçmadım. Şairlik sevdam da belə bitdi...

Külək də çöldə vıy-vıy vıyıldayırdı, gördüm ürəyim çox darıxır, bekarçılıqdır, qədim dostlardan birinə telefon açdım. Dedim, qardaş, fürsətdir, bir partiya götürüb işlədək, sən də dolan, mən də. Küləyin səsindən dostumun cavabının əvvəlini heç eşidə bilmədim, yalnız onu anladım ki, gələcəkdə deputat olmaq istəyir, ona görə də heç vaxt siyasətə qarışmaq fikri yoxdur. Siyasətçi olmaq istəyimi də dostum belə küləyə verdi...

Oturub evdə internetdə bir az vaxt keçirdim. Super marketlər şəbəkəsinin birinin kampaniyası qarşıma çıxdı, kələmə müdhiş endirim var idi. Kilosu bir manata olan kələmi cəmi 99 qəpiyə satırdılar. Külək məni daşa-divara çırpsa da 40 dəqiqəyə özümü həmin şəbəkənin marketlərindən birinə çatdıra bildim. Satıcı çox mədəni şəkildə izah etdi ki, cəmi 6 dəqiqə əvvəl həmin müdhiş endirim kampaniyasının vaxtı bitib. Endirimli kələm də ala bilmədim küləyin əlindən.

 Küləklə döyüşə-döyüşə kor-peşman qayıtdım evə, başqa bir köhnə tanışıma zəng vurdum. Qəzetdə çalışır, düşündüm ki, başıma gələnləri yazıb göndərərəm dostuma, qəzetin səhərki sayı əl-əl gəzər. Dostum xeyli güldü, dedi, ay zalım, sən deyəsən Bayılda yox, Ayda yaşayırsan, indiyə qəzet qalar? Bizim qəzet 8 aydır daha səhərlər çap olunmur. Çünki bağlanıb, keçmişik onlayn versiyaya. Hə, onu da dedi ki, həmin super marketlər şəbəkəsi bizə hər ay filan qədər reklam verir, saytda onların əleyhinə yazı getsə filankəs atamı yandırar. Filankəsin adını çəkəndə mənə elə gəldi ki, dostum telefonun o biri başında şəhadət barmağını yuxarı qaldırdı. Nəsə, bu da belə getdi.

Daha bilmirəm icra başçısımı tapşırdı, ya kim dedi, hər halda külək dayandı.

Küləyə nə var, çıxıb getdi. Amma mən nə şair ola bildim, nə jurnalist. Siyasətə qarışıb partiya işlədən də olmadım. Arada kələm də satıldı getdi....   


SON XƏBƏRLƏR

25 Aprel 2024