Abşeron rayonunun Masazır qəsəbəsi, Rafiq Dünyamalıyev küçəsində yaşayış evlərinin qarşısında tikinti işlərinin aparılması ilə bağlı narazılıq yaranıb.
Bakıvaxtı.az-a daxil olan məlumata görə, ərazidə aparılan işlər sakinlərin diqqətini cəlb edib. Yaşayış evlərinin yaxınlığında tikinti texnikasının fəaliyyət göstərməsi və mövcud tikililərlə bağlı işlərin aparılması burada yeni tikinti prosesinin başladığı ilə bağlı suallar yaradıb.
Məsələnin ictimaiyyət arasında müzakirə olunması ilə əlaqədar ərazidə aparılan işlərin qanuniliyinin və məqsədinin müəyyənləşdirilməsi üçün aidiyyəti quruma müraciət edilib.
Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı məlumat daxil olan kimi əraziyə yerində baxış keçirilib.
Qurumdan qeyd olunub ki, baxış zamanı vətəndaşın mülkiyyətində olan, Masazır qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində mövcud və memarlıq baxımından qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün aparıldığı müəyyən edilib.
İcra Hakimiyyətindən, həmçinin, ərazidə yeni tikintinin aparılmasına icazə verilmədiyi vurğulanıb.
Ərazidən görüntüləri təqdim edirik.
Məsələni diqqətdə saxlayacağıq.
Murad İsmayıl
Bakı 


















