"Bu dəqiqə heç kimi günahlandırmağa haqqım yoxdur. Əgər kimisə günahlandırsam, gərək onu bu vəziyyətə gətirəni günahlandırım. Biz özümüz zəmanəni idarə edirik. Niyə incəsənətin bugünki vəziyyətindən narazı olmalıyam? Dramaturq yazmırsa, yoxdursa, götür klassikadan istifadə et. Aktyor seçilmirsə, əlifbadan başlayaq".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı rejissor Nail Naiboğlunun yutub layihəsində deyib. Aktrisa sənət adamlarının həyatından, incəsənətdən danışıb:
"Aktyora dərs deyən müəllimlərdən başlayaq. Ona bu sənəti öyrədən, necə gözəl məbəd olduğunu deyir. Bu məbəddən girmək üçün hər şeyini qurban verməlidir. Sənətkarın pulu, gözəl şəraiti olmur. Sənətkarın 99,99 faiz mənzili olmur. Bunu bilə-bilə sənətə gedir. Niyə? 2 saat, 45 dəqiqəlik çıxışında arzularını oynayır, özünü kral hesab edir. Aktyora bunları başa sala-sala sənətə gətirmək lazımdır. O bilməlidir ki, qurban gedir. Əbəs yerə demirlər ki, incəsənət qurban tələb edir. İnsan hansısa səhvi ya qudurğanlıqdan, ya da ehtiyacdan edir".
Aktrisa qadın-kişi münasibətlərindən danışıb:
"Ərlə arvad ailədə öz arasında fərq qoymamalıdır. Qadın ərini kiçiltməməlidir. Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim. Həyat yoldaşı sənin "emblemin"dir. Başının tacı, kişindir. Elə ev yoxdur ki, ora hər şey əla düşüb. Sevgi bir müddət sonra hörmətə, öyrəşməyə çevrilir. İstər həyatda, istər həyat yoldaşının yanında pərdə götürməməlisən. Qadının üstündə nəzarət güclü olmalıdır. Heç kim inciməsin. Qadının üstündə zəhm olmalıdır. Yumruqdan yox. Bir dəfə kanal rəhbərinə zəng vurdum ki, eyibdir, nəvəm, gəlinim baxır. Qorxuram, bizə gələndə televizoru söndürürdüm. Cavab verdi ki, bilirsiz bu veriliş nə qədər qonorar gətirir".
Aktrisa "Niyə yeni aktyorlar yetişmir" sözlərinə etiraz edib:
"Bu qədər eqoist olmaq olmaz. Cavan uşaqlar var. Aktyor 120-130 manat alırdı. 50 faiz artanda 75 manat edir. Bir də kateqoriyalar: əyalət, şəhər, akademik... Aktyorların da ailəsi, balası var. İstəyirlər balalarını tanısınlar. Aktyorun məşq vaxtı ürəyi gedib. Təcili yardım gəlib ki, acdır. Bir dəfə dostuma dedim niyə çəkilmirsən? Dedi, Sumqayıtdan durub Bakıya gəlmək üçün avtobus və metroya minlməliyəm. Yolda öləcəyəm, basdıranda bilməyəcəklər kiməm. Ondansa oturmuşam evimdə. Niyə deyirəm ki, dərdinizi danışmayın? Siz məhkumsunuz".
Bəşirqızı yaşadığı küsülülüklərdən söz açıb:
"Mən də yalan danışmışam: kiminsə çantamda nəyinsə olduğunu bilməməsi üçün. Müqəddəs yalan danışmışam: kiminsə evini yıxmadan. Hər bir insanı bağışlayaram, ürəyimdə kin yoxdur. Xətrimə dəyəni silirəm. 15 il danışmadığım adamla səhnədə birlikdə rol oynadım. Gəldi, qarşımda diz çökdü. Dedim, aktyoruq, bir səhnədə oynaya bilərik. Amma get işinlə məşğul ol, səni insan saymıram. Tək Afaqla olmaz. Səhnədə gül, alqış lazımdır. Başıma yığmışam cavanları, orta yaşlıları. Mənim tamaşamda onlar xoşbəxt olurlar. Buna görə mənə paxıllıq çəkmək olmaz. Bilmirsən bir saat yarım səhnədə nələr çəkirəm. Yenə də bu vəziyyətdə səhnəyə çıxır, gülüş payını tamaşaçıya verirəm". (Axşam.az)
Bakı 












