• Bakı 23° C

    13.49 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

 Muzey Mərkəzində gənc rəssamların “Sənin adın nədir?” adlı sərgisi açılıb
MƏDƏNİYYƏT
04 Iyul 2025 | 10:14

 Muzey Mərkəzində gənc rəssamların “Sənin adın nədir?” adlı sərgisi açılıb

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində gənc rəssamların ilk tanıtım sərgisi olan “Sənin adın nədir?” adlı layihənin açılışı baş tutub.

Bakıvaxtı.az bu barədə Mədəniyyət Nazirliyindən məlumat əldə edib.

Sərginin nümayişindən əvvəl “East or West” musiqi qrupunun ifası təqdim olunub.

Tədbirdə çıxış edən Mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, sərginin əsas məqsədi gənc rəssamların yaradıcılıq axtarışlarına dəstək vermək, onların sənətə ilk addımlarını ruhlandırmaq və sənətsevərlərlə tanışlıqlarını təmin etməkdir:

“Sərgi gənc rəssamları yeni nailiyyətlərə ruhlandırmağa kömək edəcək. Yeni nəsil sənət nümayəndələrinin sənətsevərlərə təqdim olunmasını və onların ilk peşəkar sərgi təcrübəsini qazanmalarını hədəfləyir. Sərginin əsas ideya xəttini təşkil edən “Sənin adın nədir?” sualı iştirakçılardan fərdi kimliklərini, daxili duyğularını və ətraf mühitə dair qavrayışlarını sənət dili vasitəsilə ifadə etməyi tələb edir”, – deyə M.Hüseynov qeyd edib.

Xalq rəssamı Arif Hüseynov sərgidə təqdim olunan əsərlərin janr və texnika müxtəlifliyinə diqqət çəkərək bildirib ki, burada həm abstrakt, simvolik, həm də realist və eksperimental yanaşmalar mövcuddur. Ekspozisiyada 67 gənc rəssamın rəngkarlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət, instalyasiya və video-art əsərləri yer alır.

Xalq rəssamı Ömər Eldarov isə gənc sənətçilərə uğurlar arzulayıb və belə layihələrin davamlı olmasının vacibliyini vurğulayıb.

Tədbir iştirakçıları sərgiyə baxış keçirdikdən sonra gənc rəssamlardan biri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Nərmin İsmayılova sərgi ilə bağlı təəssüratlarını bölüşüb. Onun fikrincə, burada təqdim olunan əsərlərdə hər bir rəssamın daxili dünyası və cəmiyyətə münasibəti əks olunub:

“Əsərimin adı “Ah, gözələm mən”dir. Bu, hər kəsə məlum olan “Tıq-tıq xanım” obrazıdır. Düşündüm ki, bu əsər cəmiyyətin güzgüsü kimi sərgiyə çox uyğun olar. İstədim ki, hər kəs ona sadəcə nağıl qəhrəmanı kimi deyil, daha dərindən baxsın. Nağılda obraz dramatik şəkildə təsvir olunsa da, mən texniki cəhətdən daha yumşaq işlədim. Məqsədim bu obrazı hər kəsə xatırlatmaqdır. Sərgidə iştirak etmək mənim üçün qürurvericidir”.

Qeyd edək ki, “Sənin adın nədir?” sərgisi sentyabrın 3-dək davam edəcək.


SON XƏBƏRLƏR