• Bakı 30° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Naxçıvanda “BakıKart”la ödəniş etmək olacaq 
CƏMİYYƏT
12 Avqust 2026 | 12:42

Naxçıvanda “BakıKart”la ödəniş etmək olacaq 

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Baku Bus” MMC-nin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, bu siyasətin davamı olaraq ötən gün dövlət başçısı və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Naxçıvan şəhərində “Baku Bus” MMC-yə məxsus yeni elektrik avtobus parkının açılışı olub.

    “Tikintisinə ötən ilin dekabr ayında başlanan ümumilikdə 2.72 hektar ərazini əhatə edən avtobus parkında inzibati bina, təmir mərkəzi, yuma məntəqəsi fəaliyyət göstərir. Avtobus parkının ərazisi 112 elektrik avtobusunun tutumuna malikdir. Burada 60 ədəd BYD markalı 53 nəfərlik sərnişin avtobusu xidmət göstərəcək, Avtobusların fasiləsiz fəaliyyəti təmin ediləcək.

    Eyni zamanda, avtobusların operativ yuyulması üçün yuma məntəqəsi fəaliyyət göstərir. Bir avtobusun yuyulması orta hesabla 3-6 dəqiqə ərzində həyata keçiriləcək. Su ehtiyatlarının qorunmasına da xüsusi ehtiyatla yanaşılan avtobus parkında istifadə edilən suyun 85 faizi filtrasiya olunduqdan sonra yenidən emal olunacaq. Avtobus parkının istifadəyə verilməsi ilə 222 nəfər işlə təmin edilib”, - o deyib.

    Əsmər Əliyeva bildirib ki, Naxçıvan şəhərində fəaliyyət göstərən “Baku Bus” MMC-yə məxsus bütün avtobuslarda ödəniş tamamilə nağdsız qaydada həyata keçiriləcək: “Ödəniş imkanlarının genişləndirilməsi məqsədilə "City kart" ödəniş sistemi ilə yanaşı, "BakıKart" ödəniş sistemi də tətbiq ediləcək. Sərnişinlər "Google pay" və "Apple pay"dən “BakıKart” mobil tətbiqini yükləyərək "QR kod" yaradaraq, eyni zamanda, istənilən bank kartları ilə ödənişlərini rahat şəkildə həyata keçirə bilərlər”.

    Əsmər Əliyeva onu da bildirib ki, “Baku Bus” MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ilə ictimai nəqliyyat sektorunda xidmət keyfiyyətinin yüksəldilməsinə, sərnişin məmnuniyyətinin təmin olunamsına mühüm töhfə verəcək.

    Qeyd edək ki, avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Avqust 2026