Naxçıvan şəhərinin əsas inkişaf istiqamətlərindən biri mərkəzi hissəsinin yenidən formalaşdırılmasıdır.
Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı" ilə tanış olarkən bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
Bu məqsədlə 74 hektar ərazini əhatə edən mərkəzi rayonun müfəssəl planı, həmçinin bu rayon daxilində mövcud planlaşdırma strukturu qorunmaqla 12,5 hektarlıq ərazini əhatə edən hissə üçün yeni memarlıq konsepsiyası hazırlanıb. Layihədə şəhər mərkəzinin daha canlı, yığcam və əlçatan məkana çevrilməsi nəzərdə tutulur. Konsepsiyaya əsasən, tarixi əhəmiyyət kəsb etməyən köhnəlmiş tikililərin mərhələli şəkildə yenilənərək müasir çoxmərtəbəli yaşayış və çoxfunksiyalı binalarla əvəzlənməsi, ərazidə yeni inzibati kompleksin yaradılması, mərkəzi meydanın isə yeni landşaft və kiçik memarlıq elementləri əlavə edilməklə insanyönümlü ictimai məkana çevrilməsi təklif edilir. Bütün bu yanaşmalar nəticəsində yaşayış, iş, xidmət, istirahət və ictimai funksiyaların bir-birini tamamladığı müasir şəhər mərkəzi formalaşdırılacaq.
Ekoloji infrastrukturun şəhərin ayrılmaz hissəsinə çevrilməsini hədəfləyən Baş Planın icrası dövründə mövcud yaşıllıq sistemi də genişləndiriləcək, Naxçıvançay boyunca ərazi şəhər həyatına inteqrasiya olunacaq, burada yeni parklar, istirahət zonaları və ictimai məkanlar yaradılacaq. Nəticədə adambaşına düşən yaşıllıq sahəsinin 15 kvadratmetrdən 27 kvadratmetrə çatdırılması nəzərdə tutulur.
Şəhər mobilliyinə yanaşma da yeni prinsiplər üzərində qurulub. Dayanıqlı, ekoloji təmiz nəqliyyat həllərinin tətbiqini dəstəkləyən konsepsiyaya əsasən, küçə-yol şəbəkəsinin ümumi uzunluğu 188,4 kilometr, velosiped infrastrukturunun uzunluğu isə 122 kilometr təşkil edəcək. Bu, ümumi küçə-yol şəbəkəsinin 65 faizdən çoxunun velosiped hərəkəti üçün uyğunlaşdırılması deməkdir.
Bakı 



