• Bakı 30° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

ABŞ ən böyük viza ləğvinə hazırlaşır: Azərbaycanlıları NƏ GÖZLƏYİR? 

GÜNDƏM, SİYASƏT

25 Avqust 2026 | 12:00

ABŞ ən böyük viza ləğvinə hazırlaşır: Azərbaycanlıları NƏ GÖZLƏYİR?

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkəyə daxil olduqdan sonra sığınacaq üçün müraciət etmiş və ya hazırda müraciət edən əcnəbilərin B1/B2 biznes və turist vizalarının ləğvi ilə bağlı plan hazırlayır. Məlumata görə, bu qərar 200 minə qədər şəxsin vizasına təsir göstərə bilər.

Turizm üzrə ekspert Cəfər Qarayev məsələ ilə bağlı  Bakıvaxtı.az-a danışarkən bildirib ki, bu qərar Azərbaycan vətəndaşlarına da müəyyən dərəcədə təsir edə bilər.

Ekspertin sözlərinə görə, burada söhbət bütün azərbaycanlı turistlərin vizalarının ləğvindən getmir.

"Yeni yanaşma əsasən ABŞ-yэ müvəqqəti turist və ya biznes vizası ilə daxil olub, daha sonra sığınacaq üçün müraciət edən şəxsləri əhatə edir. Buna görə də Azərbaycan vətəndaşları arasında belə müraciət edən şəxslər varsa, onların mövcud B1/B2 vizaları da risk altında ola bilər. Digər tərəfdən, turizm və biznes məqsədilə ABŞ-yə qanuni səfər edən, viza şərtlərinə əməl edən və səfərdən sonra geri qayıdan Azərbaycan vətəndaşları üçün hazırda ayrıca bir qadağadan söhbət getmir. Düşünürəm ki, bu qərarın dolayı təsirlərindən biri gələcəkdə ABŞ vizasına müraciət edən şəxslərin daha ciddi yoxlanılması ola bilər. Müraciət edən şəxsin Azərbaycanda işi, biznesi, ailə və iqtisadi bağları, səfərin real məqsədi və geri qayıtmaq niyyəti daha böyük əhəmiyyət daşıya bilər", - deyə C.Qarayev bildirib.

Ekspert vurğulayıb ki, məsələni "ABŞ azərbaycanlıların turist vizalarını ləğv edir" kimi təqdim etmək düzgün olmaz.

"Söhbət konkret olaraq turist və ya biznes vizası ilə ABŞ-yə daxil olub, sonradan sığınacaq üçün müraciət etmiş əcnəbilərə qarşı nəzərdə tutulan tədbirdən gedir", - deyə Cəfər Qarayev əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkədə sığınacaq almaq üçün müraciət etmiş 200 minədək əcnəbinin iş və turist vizalarını ləğv etməyə hazırlaşır. Bu barədə "Associated Press" ABŞ Dövlət Departamentinin sənədlərinə istinadən məlumat yayıb. Qərar qəbul olunarsa, bu, ABŞ tarixində ən böyük kütləvi viza ləğvi olacaq. Dövlət Departamenti Daxili Təhlükəsizlik Nazirliyi ilə koordinasiyalı şəkildə 2016-cı ildən 2026-cı ilədək olan dövrdə verilmiş B1 və B2 vizalarının ləğv edildiyini elan edəcək. Bu, yaxın həftələrdə baş verməlidir. Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott planları dolayısı ilə təsdiqləyib. O bildirib ki, təmsil etdiyi qurum ABŞ-yə qısamüddətli gələn, ardınca isə daimi yaşamaq məqsədilə sığınacaq üçün müraciət edən əcnəbilərin qeyri-immiqrasiya vizalarının müəyyən edilməsi və ləğv olunması üzərində işləyir. Bununla belə, o, ləğv edilə biləcək vizaların sayını açıqlamayıb.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Avqust 2026