Müasir smartfonların bir çoxunda istifadəçilərin bilmədiyi maraqlı funksiya var. Android telefonlar və iPhonelər müəyyən şərtlərdə sadə metal detektoru kimi istifadə oluna bilər.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu smartfonlarda quraşdırılan maqnitometr mümkün edir.
Bu sensor maqnit sahəsinin gücünü və istiqamətini üç ox – X, Y və Z üzrə ölçür. Maqnitometr telefonun rəqəmsal kompasının işləməsində də istifadə olunur.
Smartfon metal əşyaya yaxınlaşdırıldıqda ətrafdakı maqnit sahəsində dəyişiklik baş verir və sensor bunu qeydə ala bilir. Xüsusi tətbiqlər isə həmin dəyişiklikləri istifadəçiyə ekranda göstərir.
Android telefonlarda bunun üçün müxtəlif pulsuz metal detektoru tətbiqlərindən istifadə etmək mümkündür. Telefon metal əşyaya çox yaxınlaşdırıldıqda göstəricilər kəskin arta bilər. Bəzi hallarda sensor 900 mikroteslaya qədər göstərici qeydə ala bilər ki, bu da maqnit sahəsində ciddi dəyişiklik olduğunu göstərir.
Lakin smartfonu peşəkar metal detektorunun əvəzi hesab etmək olmaz. Telefonun sensoru metal əşyaları yalnız çox yaxın məsafədən müəyyən edə bilir. Cihaz obyektdən uzaqlaşdırıldıqda göstəricilərdəki dəyişiklik sürətlə azalır.
Peşəkar metal detektorları isə daha həssasdır və kiçik metal əşyaları təxminən 15 santimetr məsafədən, hətta qum qatının altında olduqda belə aşkar edə bilir.
Buna görə smartfondakı bu imkan daha çox yaxınlıqdakı metal əşyanı yoxlamaq və telefonun daxili sensorlarının imkanlarını sınaqdan keçirmək üçün maraqlı funksiya hesab olunur.




