Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyanın vəzifəsindən geri çağırılacağı barədə məlumat yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, Ermənistanın "Past" qəzeti öz mənbələrinə istinadən yazıb ki, Baş nazir Nikol Paşinyan Arsenyanın Rusiyadakı səfir vəzifəsindən geri çağırılması barədə qərar qəbul edib. Məlumata görə, onun yerinə bir neçə namizədin adı müzakirə olunur.
Nəşrin iddiasına əsasən, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryanın yeni səfir təyin olunması ehtimalı daha yüksəkdir.
"Past" Safaryanın Avrasiya istiqamətinə nəzarət etdiyini, Rusiya xarici işlər naziri Sergey Lavrovla, eləcə də Rusiyanın siyasi və diplomatik dairələri ilə yaxşı münasibətlərə malik olduğunu yazıb. Nəşr onun çoxvektorlu diplomatiyanın tərəfdarı olduğunu da qeyd edib.
Arsenyanın geri çağırılması ilə bağlı məlumatlar daha əvvəl də Ermənistan mediasında yayılıb. Bildirilirdi ki, Paşinyan səfirin fəaliyyətindən narazıdır və onun Ermənistan-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində gözləntiləri doğrultmadığını düşünür.
Məsələ ilə bağlı Ermənistanın rəsmi qurumları hələlik açıqlama verməyib. Ermənistanın Rusiyadakı səfirliyinin rəsmi məlumatlarında isə Qurgen Arsenyanın səfir kimi fəaliyyət göstərdiyi qeyd olunur.
Qeyd edək ki, Qurgen Arsenyan 2024-cü il avqustun 14-də Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Hazırda Arsenyanın geri çağırılması və onun yerinə Mnatsakan Safaryanın təyin olunması barədə məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.
Günəş Mərd




