Son illər Azərbaycanda dağılan ailələrin sayının artdığı müşahidə olunur. Bəziləri bunu ailə institutunun zəifləməsi, digərləri isə sosial-iqtisadi vəziyyət və valideynlərin gənc ailələrin həyatına müdaxiləsi ilə əlaqələndirir.
Bu günlərdə sözügedən məsələ ilə bağlı sosial şəbəkələrdə yayılan bir fikir də ciddi müzakirələrə səbəb olub. Həmin fikri olduğu kimi təqdim edirik:
“Analar 30-40 yaşlı oğlanlarından, onların yemək, iş, geyim və şəxsi həyatlarından əl çəksəydilər, cəmiyyətdə infantil kişilərin sayı xeyli azalardı. Ailələr də az dağılardı”.
Məsələni klinik psixoloq Şirin Məmmədli ilə müzakirə etdik. O, Bakıvaxtı.az-a danışarkən bildirib ki, sosial şəbəkələrdə səsləndirilən bu fikirlə müəyyən qədər razılaşmaq olar, lakin bunu bütün analara və bütün ailələrə aid etmək düzgün deyil.

“Burada söhbət ananın övladını sevməsindən və ona qayğı göstərməsindən deyil, yetkin övladının həyatını onun yerinə idarə etməsindən gedir. Mənim praktikamda da belə hallarla rastlaşmaq mümkündür. Bəzən qarşı tərəfin 30-40 yaşında yetkin bir kişi olduğunu sonradan öyrənirik, amma ana hələ də ona “uşağım” deyə müraciət edir. Onun nə yeyəcəyinə, nə geyinəcəyinə, işinə, münasibətlərinə və hətta həyat yoldaşı ilə münasibətinə müdaxilə edir. Burada artıq qayğı ilə nəzarət arasındakı sərhəd itir”.
Ş.Məmmədli hesab edir ki, uşaq böyüdükcə valideynin rolu da dəyişməlidir:
“Kiçik yaşda onun yerinə qərar verən valideyn yetkinlik dövründə artıq məsləhət verən və ehtiyac olduqda dəstək olan tərəfə çevrilməlidir. Əgər bu keçid baş vermirsə, insan öz qərarlarını vermək, məsuliyyət daşımaq və müstəqil həyat qurmaq baxımından çətinlik çəkə bilər. Psixologiyada belə hallarda “infantilizasiya” və ya yetkin insanın müstəqilliyinin məhdudlaşdırılması kimi proseslərdən danışmaq mümkündür.
Xüsusilə evlilikdən sonra bu vəziyyət daha da problemli ola bilər. Kişi anasından emosional olaraq ayrılmayıbsa, həyat yoldaşı ilə anası arasında sərhəd qoymaqda çətinlik çəkə bilər. Ana oğlunun ailə həyatına həddindən artıq müdaxilə etdikdə gəlin özünü həyat yoldaşı ilə deyil, sanki onun anası ilə rəqabətdə hiss edə bilər. Bu isə ailədaxili gərginliyi ciddi şəkildə artıra bilər.
Amma burada yalnız ananı günahlandırmaq da düzgün deyil. 37 yaşında bir insanın öz həyatına kimin müdaxilə edə biləcəyinə sərhəd qoymaq məsuliyyəti artıq özündədir. Kişi anasının hər qərarına müdaxilə etməsinə icazə verirsə, həyat yoldaşının qarşısında da öz sərhədini qoruya bilmirsə, problemin bir hissəsi onun müstəqillik və sərhəd qoyma bacarığı ilə bağlıdır.
Bəzən ana da bunu pis niyyətlə etmir. O, illərlə “mənim uşağımdır, mən ona kömək etməliyəm” düşüncəsi ilə yaşayıb və övladının böyüdüyünü emosional olaraq qəbul etməkdə çətinlik çəkir. Övladının həyatında əvvəlki qədər lazım olmadığını hiss etdikdə boşluq və faydasızlıq yaşaya bilər və buna görə onun həyatında daha çox yer tutmağa çalışa bilər”.
Müsahibimiz qeyd edib ki, sağlam münasibətdə ana oğlunu sevir, amma onun həyatını idarə etmir. Oğul da anasına hörmət edir, lakin qərarlarını onun yerinə verməsinə icazə vermir:
“Evləndikdən sonra isə kişi öz ailəsinin sərhədlərini qoruya bilməlidir. Anaya hörmət etmək onun hər istəyinə tabe olmaq demək deyil. Ona görə də “analar oğullarından əl çəksin” ifadəsindənsə, mən bunu “valideyn övladının yaşına uyğun olaraq münasibətin formasını dəyişməlidir” kimi ifadə etməyi daha doğru hesab edirəm.
5 yaşında uşağa lazım olan qayğı ilə 37 yaşında kişiyə lazım olan münasibət eyni ola bilməz. Valideynlik övladı ömür boyu özünə bağlı saxlamaq deyil. Əslində, valideynliyin ən sağlam nəticələrindən biri övladın bir gün öz həyatını müstəqil şəkildə idarə edə bilməsidir”.
Aydın Baxış




