Rusiya Dövlət Dumasının Şurası 13 aprel tarixində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bir sıra hüquq pozuntularına görə ölkədən çıxarılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsinə başlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının sədri Vyaçeslav Volodin məlumat verib.
Onun sözlərinə görə, qanun layihəsi ictimai təhlükəsizliyin artırılması və xarici vətəndaşların davranışına nəzarətin gücləndirilməsi məqsədi daşıyır. Layihədə miqrantların deportasiya olunmasına səbəb olan inzibati hüquq pozuntularının siyahısının demək olar ki, iki dəfə artırılması təklif olunur - İnzibati Xətalar Məcəlləsinin 22 maddəsindən 43 maddəsinə qədər.
Qanun layihəsi 2026-cı ilin mart ayında Rusiya hökuməti tərəfindən təqdim edilib və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə tutur. Sənədə əsasən, bir sıra maddələrə əcnəbilər tərəfindən törədilən pozuntulara görə cərimə və ölkədən inzibati qaydada çıxarılma ilə bağlı ayrıca müddəalar əlavə olunacaq.
Belə ki, icazəsiz mitinqlərdə iştirak, Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması, ölkəyə və vətəndaşlarına qarşı sanksiyalara çağırışlar, həmçinin ölkənin ərazi bütövlüyünü pozmağa yönəlmiş açıq çağırışlar deportasiya üçün əsas olacaq.
Bundan əlavə, bəzi hüquq pozuntularına görə cərimələrin artırılması da təklif olunur. Xüsusilə, sərhədi keçmə qaydalarının pozulması, ölkəyə giriş və qalma rejiminin pozulması, əcnəbilərin qanunsuz işləməsi və onların qeyri-qanuni işə götürülməsi hallarında cəzalar sərtləşdiriləcək.
Volodin vurğulayıb ki, ölkəyə gələn şəxslər Rusiya qanunlarına riayət etməlidir. O əlavə edib ki, 2024-cü ildən etibarən Dövlət Duması miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş 22 federal qanun qəbul edib, onlardan 18-i deputatlar tərəfindən irəli sürülüb./Milli.Az
Bakı 












