Hər yeni il, əslində, bir təqvim dəyişikliyindən daha üstün olmağı (qavranmağı) haqq edir. İnsanlıq üçün bu, həm rəmzi, həm də mahiyyətcə yeni üfüqlərin açılması, üfüqötəsinə canatımdır. Zamanın axarı və onun gətirdikləri, fərdlər və toplumlar üçün keçmişlə gələcək arasında körpü rolu oynayır.
Keçmişdən gətirdiyimiz təcrübələr, yaddaşımızda yaşayan hadisələr və öyrəndiklərimiz bizi gələcəyə götürən ən güclü vasitələrdir. Yeni il, həm də fərdi və kollektiv olaraq özümüzü elə məhz özümüzlə qiyaslamaq fürsətidir: Biz nəyi dəyişmək istəyirik? Hansı xəyallar bizi irəliyə çəkir? - Necə deyərlər, öz içdünyamıza pəncərə açırıq…
Yeni ilin mədəniyyətlərdəki təsiri universal dəyərlərin bir daha idrakına münbit ortam yaradır. Tarix boyu insanlar yenilənməni müxtəlif rəmzlər və ayinlərlə vurğulamış və keçirmişlər. Atəşlər yandırılmış, dualar edilmiş, qapı-bacalar bəzədilmişdir. Bu ritualistik yanaşma bizə bir həqiqəti xatırladır: hər son, əslində, bir başlanğıc üçün zəmin yaradır. Bir dalğanın bitdiyi nöqtə digər dalğanın başlanğıc nöqtəsidir. Bitişlər olmasa, başlanğıclar da olmaz…
Çağdaş dünyada isə yenilənmə və ümid rəmzi olaraq, yeni il texnoloji inkişaf, fərdi rifah və sosial dəyişikliklər kontekstində daha da anlamlı hala gəlir. İnsanlıq texnoformasiya mərhələsinə qədəm qoyarkən, artıq sadəcə təqvim dəyişikliyi deyil, həm də sosial-mədəni transformasiyalar labüdləşir...
Yeni ilin gəlişi ilə insanlar hədəflərini müəyyənləşdirir, yaxud yeniləyir və yeni vərdişlərə yiyələnməyə çalışır. Burada bir sualın da at səyirtdiyini görürük: bu hədəflər həqiqətən bizim öz mahiyyətimizdənmi gəlir, yoxsa dövrün tələblərinə uyğun formal bir yanaşmadır?
Düşünürəm ki, hər bir mədəniyyət fərdi dəyərlərin kollektiv şüurla sintezini təmin edən bir platformadır. Əgər yenilənmə sürəci həqiqi mənəvi qalxınma ilə müşayiət olunarsa, yeni il həm fərdi, həm də kollektiv inkişaf üçün bir tramplinə çevriləcək
Yeni il, ümidlərin, xəyalların və yenilənmə arzusunun ən parlaq dövrüdür. O, həm də bizə bir şeyi xatırladır: gələcəyi yalnız keçmişin dərsləri və bu günün enerjisi ilə qura, düzənləyə bilərik.
Yeni ilin hər birimiz üçün daha parlaq və daha dərin mədəniyyət yolları açması diləyi ilə
İLAYDINLAR!
Dövlətimiz zaval görməsin!