Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə keçirilən ümumxalq referendumunda seçici fəallığı 73,24 faiz təşkil edib.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Qazaxıstanın Mərkəzi Referendum Komissiyası məlumat yayıb.
Bildirilib ki, saat 20:00-a olan vəziyyətə əsasən, ölkə üzrə seçici siyahılarına daxil edilmiş vətəndaşlardan 9 milyon 126 min 850 nəfər bülleten alaraq referendumda iştirak edib. Bu göstərici ümumi seçici sayının 73,24 faizinə bərabərdir.
Komissiyanın məlumatına görə, Qazaxıstanın bütün referendum məntəqələrində səsvermə prosesi başa çatıb və hazırda məntəqə komissiyaları səslərin hesablanmasına başlayıblar.
Qanunvericiliyə əsasən, səslərin hesablanması prosesi onun başlanmasından etibarən 12 saatdan artıq davam etməməlidir.
Bildirilib ki, ərazi komissiyaları səsvermə və səslərin hesablanmasının ilkin nəticələri barədə Mərkəzi Referendum Komissiyasını elektron rabitə kanalları vasitəsilə məlumatlandıracaqlar.
Referendumun ilkin nəticələrinin Mərkəzi Referendum Komissiyası tərəfindən açıqlanacağı, bunun vaxtı ilə bağlı isə əlavə məlumat veriləcəyi qeyd olunub.
***
19:08
Qazaxıstanda yeni Konstitusiya layihəsinin qəbulu ilə bağlı keçirilən referendumda səsvermə prosesi başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, ölkə üzrə yerli vaxtla saat 07:00-da fəaliyyətə başlayan bütün seçki məntəqələri saat 20:00-da bağlanıb.
Qazaxıstanın Mərkəzi Referendum Komissiyasının məlumatına görə, referendumda iştirak etmək hüququna malik 12 milyondan çox vətəndaş seçici siyahılarına daxil edilib. Səsvermənin təşkili üçün ölkə daxilində və xaricdə ümumilikdə 10 mindən artıq seçki məntəqəsi fəaliyyət göstərib. Onların bir hissəsi Qazaxıstan vətəndaşlarının xaricdə səs verməsi üçün müxtəlif ölkələrdə yerləşən diplomatik nümayəndəliklərdə yaradılıb.
Səsvermə prosesinin şəffaflığını təmin etmək məqsədilə referendumun monitorinqinə 359 beynəlxalq müşahidəçi və 206 xarici media nümayəndələri də cəlb olunub.
***
15:38
Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendumda yerli vaxtla saat 16:00-a (Bakı vaxtı ilə saat 15:00) olan məlumata görə, seçici fəallığı 64,43% təşkil edib ki, bu da əvvəlki 2024-cü il referendumunun nəticəsindən yüksəkdir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Referendum Komissiyası xəbər yayıb.
Qeyd olunub ki, Qazaxıstanda indiyə qədər 8.029.286 nəfər səs verib. Seçici siyahılarında ümumilikdə 12.461.796 vətəndaşın adı var.
Qazaxıstanda 2024-cü ildə keçirilən və ölkənin ilk atom elektrik stansiyasının tikintisinə yönəlmiş əvvəlki referendumda seçici fəallığı 63,66% təşkil etmiş, 12.284.487 qeydiyyatdan keçmiş seçicidən 7.820.204 nəfər səs vermişdir.
***
13:35
Qazaxıstanda referendum baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, Qazaxıstanda yeni konstitusiya ilə əlaqədar üzrə keçirilən referendumda saat 14:00-a olan məlumata görə, seçici fəallığı 51,93% təşkil edib.
Beləliklə, qanunvericiliyə əsasən, bununla da referendum baş tutub.
***
11:40
Qazaxıstanda yeni Konstitusiya üzrə ümumrespublika referendumunda vətəndaşların iştirakı yerli vaxtla saat 12:00-a (Bakı vaxtı ilə saat 11:00-a) 37,54 faiz və ya 4 677 595 nəfər təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Referendum Mərkəzi Komissiyası xəbər yayıb.
Ən aşağı fəallıq Almatı şəhərində 14,85% olaraq qalır, ən yüksək fəallıq isə Aktobe bölgəsində 45,73% təşkil edir. Astanada isə fəallıq 31,23% təşkil edir.
Qeyd edək ki, səsvermə ölkə üzrə 10 mindən çox məntəqədə keçirilir. Referendum saat 20:00-dək davam edəcək. Referendum iştirakçılarının siyahısına 12 mil 461 min 796 vətəndaş daxil edilib.
***
08:59
Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumunda səsvermə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, ölkədəki əksər seçki məntəqələri yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 20:00-a qədər fəaliyyət göstərəcək.
Mərkəzi Referendum Komissiyası daha əvvəl ilk seçki məntəqələrinin Qazaxıstanın Yaponiyadakı diplomatik nümayəndəliyində açıldığını bildirib. Qazaxıstanın özündə, o cümlədən hərbi bazalarda bəzi xüsusi seçki məntəqələri səhər saat 6:00-da açılıb.
Seçki günü ölkə daxilində 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir, daha 71 məntəqə isə xaricdə, 54 ölkədə Qazaxıstan səfirliklərində və konsulluqlarında açılıb.
Referendum siyahılarına ümumilikdə 12,4 milyondan çox insanın adı əlavə edilib.
Bakı 




