• Bakı 24° C

    10.27 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

12 avqust - Xəzər Günüdür

CƏMİYYƏT

12 Avqust 2024 | 10:18

12 avqust - Xəzər Günüdür

2006-cı ildən başlayaraq hər il avqustun 12-də beş Xəzəryanı dövlət - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzər Dənizi Gününü qeyd edirlər.

Bakıvaxtı.az xatırladır ki, 17 il əvvəl bu gün Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Tehran Konvensiyası qüvvəyə minib.

Konvensiyanın milli əlaqələndiricisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Faiq Mütəllimov bildirib ki, ətraf mühitin mühafizəsi və Xəzər dənizinin dəniz mühiti sahəsində beynəlxalq hüquq statusu almış Konvensiya dənizin mühafizəsinin hüquqi bazasına çevrilib. Konvensiya dəniz mühitinə insan təsirinin tənzimlənməsinin, Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi və bərpasının əsas istiqamətlərini müəyyən edir.

Okean mənşəli dünyanın ən böyük daxili su hövzəsi olan Xəzəri haqlı olaraq əsl relikt və heyrətamiz təbiət abidəsi adlandırmaq olar. Bu günə qədər qorunub saxlanılan ən zəngin flora və fauna aləmi, mübaliğəsiz, bütün bəşəriyyətin mülkiyyətidir. Dənizin dərinliklərində və sahilyanı ərazilərdə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Kitabına daxil edilmiş 500-dən çox bitki və 850 növ heyvan, o cümlədən nadir və endemik növlər yaşayır.

Biomüxtəlifliyin Mühafizəsi Xidmətinin rəisi Firuddin Əliyevin sözlərinə görə, son illər, yəni 2020-2023-cü illərdə Xəzər dənizinə və Xəzərə axan çaylara 20 milyon 600 mindən çox balıq körpəsi buraxılıb.

Bütövlükdə regionumuzda Xəzər böyük iqlim əmələgətirən təsirə malikdir. Eyni zamanda, Xəzər və dəniz ekosistemi iqlimin istiləşməsinə həssasdır. Qlobal temperaturun sürətlə artması son onilliklərdə özünü daha güclü göstərməkdədir. Bu, ümumilikdə azalan su ehtiyatlarından istifadənin artması fonunda dənizə axan çayların axınının azalmasına gətirib çıxarır. Digər tərəfdən, temperaturun artması dəniz səthindən buxarlanmanın artmasına səbəb olur.

XX əsrdə səviyyənin ən aşağı göstəricisi 1977-ci ildə, yəni dəniz səviyyəsindən 29 metr aşağı qeydə alınıb. Lakin, 1995-ci ilə qədər sonrakı onilliklərdə, nisbətən qısa müddət ərzində səviyyə (-26,5 Bs) həddinə çatdı. Bu da 18 il ərzində səviyyənin 2,5 metr yüksəlməsini göstərirdi. 1995-ci ildən bu günə qədər, 28 ildir ki, Xəzər yenidən səviyyəsinin aşağı düşməsi mərhələsindədir.

 


SON XƏBƏRLƏR

20 Iyun 2025