• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

10 manatlıq şirkət milyonluq tenderlərin qalibi olub: BNA-da tender korrupsiyası?  

GÜNDƏM

22 Oktyabr 2021 | 13:07

10 manatlıq şirkət milyonluq tenderlərin qalibi olub: BNA-da tender korrupsiyası?

Tenderlərdə qalib gəlmək, dövlətdən sifariş almaq və bu üsulla qazanc əldə etmək istənilən iş adamı və şirkətin arzusudur. Əlbəttə ki, bunu etmək asan deyil. Amma bəzi şirkətlər isə bu sahədə böyük uğurlar qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, onlardan biri də “Techmaster” Məhdud Məsuliyyətli Cəmiyyətdir. Nizamnamə kapitalı 10 manat olan bu şirkət Bakı Nəqliyyat Agentliyinin böyük tenderlərinin qalibidir. 

Deməli, bu ilin oktyabr ayında Bakı Nəqliyyat Agentliyi sahə avadanlıqların, köməkçi qurğuların və kommunikasiya xətlərinin fasiləsiz və dayanıqlı fəaliyyəti üçün texniki dəstək xidmətləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalında verilən məlumata görə, tenderin qalibi "Techmaster" MMC-dir. Qalib şirkətə 2 790,6 min manat xərclənəcək.

Qeyd edək ki, təkcə keçən il keçirilən 3 tender üçün BNA “Techmaster” MMC-yə 8 milyon 379 min 307 manat ödəyib. Şirkət BNA-nın martda 4,5 milyonluq, iyunda 1,8 milyonluq, avqustda 2,1 milyonluq tenderlərini qazanıb.

Şirkətin qazandığı tenderlərin adı, məbləği və tarixi aşağıdakı kimidir:

Tender 1. “Svetofor məntəqələri və həmin məntəqələr üzrə müvafiq işlərin görülməsi, avadanlıqların və mal-materialların daimi olaraq işlək vəziyyətdə saxlanılması üçün aylıq texniki xidmətin göstərilməsi, habelə mövcud svetofor məntəqələrinin yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi işlərinin görülməsi məqsədilə mal, iş və xidmətlər” – 2 milyon 69 min 545 (19.08.2020)

Tender 2. “Sahə avadanlıqlarının tam gücü ilə işləməsi üçün mövcud struktur və sistemlərə 12 aylıq texniki xidmət” – 1 milyon 799 min 835 manat (17.06.2020)

Tender 3. “Yeni svetofor məntəqələrinin təşkili üçün svetofor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işləri” – 4 509 min 927 manat (19.03.2020)

Dövlət Vergi Xidmətinin məlumat bazasında olan məlumata əsasən, “Techmaster” MMC-nin (Qeydiyyat nömrəsi (VÖEN): 2003756061) nizamnamə kapitalı 10 manatdır. Dövlət qeydiyyatına 31 mart 2016-cı ildə alınan bu şirkətin hüquqi ünvanı Bakı, Xətai rayonu, general Şıxlinski ev.39 m.145-dir.

Azərbaycanda dövlət vəsaiti hesabına keçirilən satınalmalardakı problemlərin uzun illər boyu həll olunmamış qalması nəticəsində milyard manatlarla dövlət vəsaiti mənimsənilib, onların yönləndirilməli olduğu layihələrin dəyəri qat-qat şişirdilib, son nəticədə ortaya keyfiyyətli bir iş də qoyulmayıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə informasiya sorğusu göndərilib. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026