“Daha güclü Azərbaycan üçün şagird və tələbələrimizə lazımlı informasiyaları verməliyik. Bu gündən etibarən Azərbaycanımızda yeni tədris ili başlayır. Bu tədris ili əvvəlki illərdən fərqli olaraq daha çox hüzn, kədər ilə başlayır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil ekspert Kamran Əsədov bildirib.
Ekspert qeyd edib ki, məktəblərin önündə sakitlik, çox ağır ab-hava var:
“Hər kəs yanlış bir söz, fikir deməkdən çəkinir. Bu, artıq insanların hissinin dəyərə çevrildiyini göstərir. Qısa müddətdə müşahidə apardığım 3 məktəbin heç birində təmtəraqlı qarşılanma, gül dəstələri yoxdur. Təhsil öz qarşısına qoyduğu məqsədlərə nail olub. Bəli, təhsil artıq şəxsiyyət yetişdirə, şəxsiyyət formalaşdıra bilir”.
K.Əsədov bildirib ki, bundan sonra isə biz daha fərqli olaraq dərslərimizi təşkil etməliyik:
“Biz şagirdlərimizi düşmənə nifrət hissi ilə yox, öz dəyərlərini qoruyub saxlamaq, daha da təkmilləşdirilib güclü formada saxlamaq istiqamətində böyütməliyik. Yeni tədris ilində hər bir tədris prosesində iştirak edən müəllimə, şagirdə, tələbəyə can sağlığı, firavanlıq, uğurlar arzulayıram”.
Nuranə Daxilqızı
















