• Bakı 27° C

    13.01 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Azərbaycanda bu sahələr 4 GÜNLÜK İŞ HƏFTƏSİNƏ keçə bilər - AÇIQLAMA

CƏMİYYƏT

25 Avqust 2025 | 14:36

Azərbaycanda bu sahələr 4 GÜNLÜK İŞ HƏFTƏSİNƏ keçə bilər - AÇIQLAMA

4 günlük iş həftəsi artıq bir sıra ölkələrdə pilot layihələr şəklində sınanıb və bəzi yerlərdə daimi tətbiqə keçirilib.

Məsələn, Böyük Britaniyada dördgünlük iş həftəsini seçənlərin sayı 2019-cu ildən bəri 200 min nəfərdən çox artıb.

Bəs, maraqlıdır, bu rejim Azərbaycanda da tətbiq oluna bilərmi? Tətbiq olunarsa, nə kimi yeniliklər gözlənilir? Burada kim uduşlu çıxacaq, dövlət, yoxsa çalışanlar?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, hazırda Əmək Məcəlləsində iş həftəsi əsasən 5 və ya 6 gün olaraq nəzərdə tutulur.

A.Nəsirli qeyd edib ki, 4 günlük iş həftəsinə keçmək üçün qanunda dəyişiklik və geniş ictimai-siyasi razılaşma tələb olunur.

Akif Nəsirli: "Pilot layihələr uğurlu nəticə versə, mərhələli şəkildə 4 günlük iş həftəsinə keçid mümkündür"

Ekspertin sözlərinə görə, iqtisadi reallıq baxımından Azərbaycan iqtisadiyyatı əsasən enerji sektoru, dövlət qurumları və xidmət sahəsinə söykənir:

“Xidmət və ticarət sahəsində 4 günlük iş rejiminə keçid çətin ola bilər, amma İT, maliyyə, dizayn, konsaltinq kimi ofis yönümlü sahələrdə bu model daha real görünür”.

Müsahibimiz nəzərə çatdırıb ki, mədəni və sosial faktor baxımından işin “görülməsi” və “davamlılığı”na önəm verən ənənəvi yanaşma səbəbindən ilk mərhələdə həm işəgötürənlər, həm də dövlət tərəddüd edə bilər:

“Amma tətbiq olunarsa, insanlar daha çox istirahət, ailəyə və şəxsi inkişafına vaxt ayırmaq imkanı qazanar, daha az stres, məhsuldarlığın artması baş verə bilər. Dünya təcrübəsi göstərir ki, 4 gündə də eyni hətta daha çox iş görülə bilir, iş həyatından məmnunluq yüksəlir”.

İqtisadçı hesab edir ki, 4 günlük iş həftəsi tətbiq edilsə, işəgötürənlər daha məhsuldar işçi heyəti əldə edə bilərlər, işçi dövriyyəsi, yəni kadr itkisi azalır.

Bundan başqa ekspert vurğulayıb ki, 4 günlük iş həftəsinə keçid etməklə bəzi sahələrdə, xüsusilə xidmət və müştəri yönümlü sahələrdə əlavə növbə təşkil etmək və iş rejimini uyğunlaşdırmaq  çətinləşər:

“Dövlət üçün sosial rifah yüksələ bilər, insanlar daha sağlam və motivasiyalı olar. Amma iqtisadiyyatın strukturundan asılı olaraq istehsal və xidmətlərdə qısamüddətli məhsuldarlıq itkisi yaşanar”.

A.Nəsirlinin fikrincə, sözügedən rejim dövlət sektorunda sınaqdan keçirilməsə, özəl sektor təkbaşına bu addımı atmaqda tərəddüd edə bilər.

Ekspert işçilərin daha çox istirahət, az stress və balanslı həyat əldə edəcəkləri üçün daha çox uduşlu çıxdığını, işəgötürənlərin də müəyyən sahələrdə, xüsusən ofis və intellektual işlərdə fayda görəcəyini diqqətə çatdırıb.

Həmçinin bildirib ki, dövlət isə uzunmüddətli perspektivdə daha sağlam işçi qüvvəsi və sosial məmnuniyyət baxımından qazanacaq, amma qısamüddətli dövrdə məhsuldarlıq və iqtisadi fəaliyyətlə bağlı narahatlıq yaşana bilər:

“Azərbaycanda bu model yaxın illərdə tam miqyaslı tətbiq olunması çətin görünür, amma pilot layihələr məsələn, dövlət qurumlarında müəyyən şöbələr və ya İT şirkətlərində uğurlu nəticə versə, mərhələli şəkildə 4 günlük iş həftəsinə keçid mümkündür”.

Mina Mikayılova


SON XƏBƏRLƏR