Almaniyanın Maqderburq şəhərinin 60 yaşlı sakini 6 ay ərzində 90 dəfə kovidə görə peyvənd olunub. O, bunu kovid sertifikatı almaq üçün etdirib. Həkimlər 90 dəfə kovid vaksini olunmuş şəxsi yoxlayıb, onun sağlığında heç bir ciddi dəyişiklik aşkarlanmayıb.
Bir doza vaksindən sonra belə özünü pis hiss edənlərin olduğunu nəzərə alsaq, bir insanın 90 dəfə vaksin vurdurub, heç bir problemlə üzləşməməsi maraqlı görünür.
İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, bu, RNT tərkibli vaksindir: “Bu, virusun antigen xüsusiyyətini daşıyan RNT-dir, orqanizmə vurulduqda immun sistemi virusa qarşı spesifik antitellər sintez edir. RNT bir proteindir. Bunun da hər hansı bir yan, toksin təsiri olmadığı üçün istifadə oluna bilir”.
İnfeksionistin sözlərinə görə, 60 yaşlı qadının 6 ayda 90 dəfə vaksin vurdurması tamamilə inandırıcıdır: “Çünki bu vaksini nə qədər istəsəniz, istifadə edə bilərsiniz. Amma burda məsələ odur ki, vaksini müəyyən vaxtdan bir istifadə etdikdə antitellərin sintez olunması üçün idealdır. Lakin bir ay ərzində hər gün istifadə etsək, antitellərin effektivliyi çox da güclü olmayacaq. Bu, immun sistemini hər gün qıcıqlandırdığı üçün zəiflədə bilər. Ancaq bunun əlavə bir yan, toksik təsiri olmadığı üçün hər gün istifadə etməyin heç bir problemi yoxdur”.
Aytac Aslan
















