Yaxın Şərqdə gərginlik hələ də yüksək səviyyədə qalır. Son günlər ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uoltsun Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları davam etdirmək üçün kifayət qədər sursat və resursa malik olduğunu bəyan etməsi, bununla yanaşı Prezident Donald Trampın diplomatik danışıqlara “bir qədər vaxt verdiyini” açıqlaması diqqət mərkəzinə çevrilib.
Bu açıqlamalar CNN-də ABŞ arsenalında sursat ehtiyatlarının azalması ilə bağlı yayılan məlumatlarla ziddiyyət təşkil edir və Vaşinqton daxilində fərqli yanaşmaların mövcudluğunu göstərir. Eyni zamanda ABŞ administrasiyası hərbi təzyiqi azaltmadan diplomatik kanalları açıq saxlamağa çalışır. Ekspertlərin fikrincə, bu strategiya həm İranı danışıqlara məcbur etmək, həm də bölgədə çəkindiricilik yaratmaq məqsədi daşıyır.
Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ bu bəyanatla ilk növbədə İranın Vaşinqtonun zəiflədiyi barədə təsəvvür formalaşdırmasının qarşısını almağa çalışır. Onun sözlərinə görə, çünki müharibələrdə psixoloji üstünlük ən azı hərbi üstünlük qədər vacib amildir. Politoloq bildirib ki, əgər İran ABŞ-ın sursat ehtiyatlarının tükəndiyinə inansa, daha sərt hərbi addımlar ata və ya regiondakı müttəfiqlərini fəallaşdıra bilər. Buna görə də Vaşinqton həm rəqiblərinə, həm də müttəfiqlərinə hərbi imkanlarının kifayət qədər olduğunu nümayiş etdirir:
“Digər tərəfdən, eyni vaxtda diplomatik danışıqlara şans verilməsi ABŞ-nin hərbi gücdən siyasi alət kimi istifadə etdiyini göstərir. Bu isə “təzyiq altında diplomatiya” strategiyasının davam etdiyini deməyə əsas verir”.
ABŞ bir tərəfdən hərbi hazırlıq nümayiş etdirir, digər tərəfdən isə danışıqlar üçün vaxt verdiyini bildirir. Müsahibimiz hesab edir ki, əslində burada ziddiyyət deyil, paralel strategiya müşahidə olunur. ABŞ rəhbərliyi hesab edir ki, diplomatiyanın uğur qazanması üçün qarşı tərəf hərbi alternativin real olduğuna inanmalıdır. Vaşinqtonun məqsədi genişmiqyaslı müharibəyə başlamaqdan daha çox, İranı güzəştlərə məcbur edəcək təzyiq mexanizmi yaratmaqdır. Buna görə də hərbi imkanlar nümayiş etdirilir, lakin eyni zamanda Oman və digər vasitəçilər üzərindən diplomatik təmaslar davam etdirilir.
Həmsöhbətimiz qeyd edib ki, bu yanaşma İranın nüvə proqramı, raket potensialı və regional təsiri ilə bağlı daha sərfəli razılaşma əldə etmək cəhdi kimi qiymətləndirilə bilər. Lakin diplomatik proses nəticə verməzsə, ABŞ administrasiyasının yenidən hərbi variantlara qayıtmaq ehtimalını da istisna etmək olmaz.

Züriyə Qarayeva: ABŞ-İran qarşıdurması artıq iki ölkə arasındakı münaqişə çərçivəsini çoxdan aşıb
ABŞ-nin bu mövqeyinin İranın gələcək davranışına gəstərəcəyi təsirə gəlincə. Z.Qarayeva bildirib ki, İranın birbaşa ABŞ-la genişmiqyaslı hərbi toqquşmaya getməsi hazırkı mərhələdə real görünmür. Tehran daha çox dolayı təsir mexanizmlərinə, regiondakı silahlı müttəfiqləri və asimmetrik imkanlarına üstünlük verə bilər. Dediyinə görə, bununla yanaşı, Vaşinqtonun hərbi üstünlüyünü açıq şəkildə nümayiş etdirməsi İran rəhbərliyini danışıqlarda daha ehtiyatlı davranmağa sövq edə bilər:
“Digər tərəfdən, daxili siyasi təzyiqlər və təhlükəsizlik narahatlıqları Tehranın nüvə və raket proqramını daha da sürətləndirməsinə də səbəb ola bilər. Bu isə gərginliyi azaltmaq əvəzinə yeni silahlanma mərhələsini sürətləndirə bilər. Ona görə də qarşıdakı dövrdə İranın atacağı addımlar həm hərbi balansdan, həm də diplomatik proseslərin nəticəsindən asılı olacaq”.
“Bəs bu proses Yaxın Şərqin ümumi təhlükəsizlik arxitekturasına hansı təsirləri göstərə bilər” sualını cavablandıran politolun sözlərinə göeə, ABŞ-İran qarşıdurması artıq iki ölkə arasındakı münaqişə çərçivəsini çoxdan aşıb. Bu qarşıdurmanın nəticələri İsrail, Körfəz ölkələri, Livan, Suriya, İraq və Qırmızı dənizdəki təhlükəsizlik mühitinə birbaşa təsir edir.
Züriyə Qarayeva hesab edir ki, əgər ABŞ hərbi çəkindiriciliyini qoruyaraq diplomatik nəticə əldə edə bilsə, bölgədə nisbi sabitlik yaranması mümkündür. Əks halda isə lokal insidentlərin regional müharibəyə çevrilməsi riski qalacaq:
“Bundan başqa, enerji marşrutlarının təhlükəsizliyi, neft qiymətləri və beynəlxalq ticarət də bu gərginlikdən birbaşa təsirlənməkdə davam edəcək. Məhz buna görə Yaxın Şərqdə baş verən hadisələr artıq regional deyil, qlobal təhlükəsizlik gündəminin əsas mövzularından biri kimi qiymətləndirilir”.
Zülfü Məmmədov
Bakı 



