Beynəlxalq siyasətdə mühüm dönüş nöqtəsi kimi qiymətləndirilən ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırması, Qərbin regiondakı mövqeyi və münaqişənin gələcək taleyi baxımından ciddi suallar doğurur.
Ağ Evin bu qərarı sülhü təşviq etmək məqsədilə verdiyini bəyan etməsi, əslində Vaşinqtonun münaqişəyə yanaşmasında yeni mərhələnin başlanğıcı kimi şərh edilir. Bu qərar ABŞ-nin Ukrayna siyasətində əsaslı dəyişikliyə işarə edir və Qərbin vahid mövqeyinin nə dərəcədə sarsıldığını göstərir. Vaşinqtonun bu addımı Avropa İttifaqı və NATO daxilində yeni müzakirələrə səbəb olacaq və müttəfiqlər arasında fikir ayrılıqlarını dərinləşdirə bilər. Ukrayna isə bu yardımların dayandırılması fonunda hərbi strategiyasını yenidən nəzərdən keçirmək məcburiyyətində qalacaq. Digər tərəfdən, bu qərar Rusiyanın mövqeyini gücləndirə və onu danışıqlarda üstün mövqe tutmağa təşviq edə bilər. Amerikanın bu siyasət dəyişikliyi, qlobal güc balansında yeni reallıqların formalaşmasına səbəb ola bilər.
Lakin bu addım Ukraynanın döyüş meydanındakı mövqelərinə və ümumilikdə Avropanın təhlükəsizliyinə necə təsir edəcək? Bu qərar Qərb koalisiyasının parçalanmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırması bir təzyiq vasitəsidir:
"Donald Tramp ilə Vladimir Zelenski arasında son mübahisədən sonra belə bir addımın atılacağı gözlənilən idi. Çünki Zelenski Trampın tələbləri ilə razılaşmır, ABŞ administrasiyası isə bunu əsas gətirərək yardımları dayandırıb. Aydın məsələdir ki, ABŞ-nin hərbi dəstəyi olmadan Ukraynanın Rusiya ordusunun qarşısını alması son dərəcə çətin olacaq. Eyni zamanda, burada əsas məsələ yalnız hərbi sursat deyil, həm də kəşfiyyat məlumatlarının ötürülməsidir".
Onun sözlərinə görə, ABŞ kosmik peyklər vasitəsilə cəbhədəki vəziyyəti izləyir:
"Hətta Rusiya xüsusi xidmət orqanlarında bu istiqamətdə agentura şəbəkəsinə malik olması ehtimalı yüksəkdir. Bu kimi amillər göstərir ki, Ukrayna əgər həqiqətən də uzun müddət ABŞ-dən yardım ala bilməsə, cəbhədə ciddi itkilərlə qarşılaşa və torpaq itirə bilər. Bu isə Zelenskini ABŞ-nin tələbləri ilə razılaşmağa məcbur edə bilər".
Kazım Kazımov: Alternativ qüvvələr ABŞ-nin yerini doldura bilməz
Alternativ qüvvələr məsələsinə gəldikdə, politoloq vurğulayıb ki, hazırda ABŞ-nin yerini tuta biləcək bir ölkə yoxdur. Həmsöhbətimizə görə, Ukrayna müharibəsində, əsasən, ABŞ istehsalı olan silahlar istifadə edilir:
"Fransa və Böyük Britaniya müəyyən hərbi potensiala malikdir, lakin ABŞ bu məsələdə sərt mövqe tutduğu halda Avropa ölkələrinin ona rəğmən Ukraynaya ciddi hərbi yardım edəcəyini düşünmək çətindir. Hətta yardım göstərsələr belə, ABŞ-nin yerini doldura bilməzlər",- Kazım Kazımov fikrini belə yekunlaşdırıb.
Əli Hüseynov