ABŞ-nin Səudiyyə Ərəbistanına “NATO-dan kənarda əsas müttəfiq” statusu verməsi Vaşinqtonun Yaxın Şərq siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Bu addım bir neçə strateji məqsədə xidmət edir. Əvvəla, ABŞ bölgədəki təsirini bərpa etmək və Çin-Rusiya tandeminə qarşı balans yaratmaq istəyir. Son illər Pekin Səudiyyə-İran yaxınlaşmasında vasitəçi olub, Moskva isə enerji, təhlükəsizlik və silah ticarətində aktiv rol oynayıb. Vaşinqtonun bu qərarı Riyadı yenidən öz orbitinə qaytarmaq, təhlükəsizlik zəmanətlərini gücləndirmək və enerji bazarında koordinasiyanı nəzarətdə saxlamaq məqsədi daşıyır.
Digər tərəfdən, ABŞ Səudiyyəni yalnız enerji tərəfdaşı kimi deyil, İranın regional nüfuzuna qarşı əsas dayaqlardan biri kimi görür. Bu status Vaşinqtona müdafiə texnologiyalarının daha rahat transferi, Səudiyyənin raket və hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi və Körfəz regionunda kollektiv təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi imkanı yaradır. Eyni zamanda, Səudiyyənin İsrail ilə gələcək mümkün diplomatik yaxınlaşması, Fələstin məsələsində ABŞ-nin təsirinin artması kimi detallar da Vaşinqtonun strateji hesablamalarında yer alır.
İran bu addımı açıq şəkildə mənfi qarşılayacaq. Tehran bunu özünə qarşı yeni təhlükəsizlik blokunun formalaşdırılması, regionda balansın Səudiyyə-ABŞ xəttinə doğru dəyişməsi və İranın təcridinin dərinləşməsi kimi qiymətləndirəcək. İranın ballistik raket və nüvə proqramının sürətləndirməsi ehtimalı artır. Eyni zamanda, İranın Yaxın Şərqdəki proxy qüvvələr vasitəsilə cavab verməsi, Yəmən, İraq, Suriya və Livan xəttində gərginliyi artırması istisna deyil.
Türkiyə isə məsələni daha praqmatik çərçivədə dəyərləndirə bilər. Ankara Səudiyyə ilə son illərdə münasibətləri normallaşdırmağa çalışır və ABŞ-Səudiyyə yaxınlaşması Türkiyə üçün həm risk, həm də imkan yaradır. Risk ondan ibarətdir ki, Vaşinqton Körfəz siyasətində Türkiyənin rolunu məhdudlaşdırmağa çalışa bilər. Amma eyni zamanda ABŞ-ın Yaxın Şərqdə sabitlik yaratmaq cəhdləri Türkiyənin enerji, ticarət və təhlükəsizlik əməkdaşlığını genişləndirə bilər. Ankara balanslı mövqe tutmağa üstünlük verəcək.
Bu prosesin Cənubi Qafqaza dolayı təsirləri də mümkündür. ABŞ-Səudiyyə yaxınlaşmasının nəticəsi olaraq İranın təzyiq altında qalması Tehranın Qafqaz siyasətində daha sərt, daha müdaxiləçi davranmasını şərtləndirə bilər. Bu da Azərbaycan-İran münasibətlərini həssaslaşdırır. Digər tərəfdən, ABŞ-nin Yaxın Şərqdə güclənməsi onun Orta Dəhliz və enerji təhlükəsizliyi layihələrinə marağını artırır. Bu isə Azərbaycan üçün əlavə geosiyasi imkanlar yaradır: həm Orta Dəhlizin, həm də Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının formalaşmasında Vaşinqtonun iştirakı genişlənə bilər.
Beləliklə, ABŞ-nin Səudiyyə Ərəbistanına verdiyi yeni status təkcə Körfəz siyasəti deyil, daha geniş regional və qlobal güc balansının dəyişməsi fonunda qiymətləndirilməlidir. Bu proses həm Yaxın Şərqdə, həm də Qafqazda yeni diplomatik konfiqurasiyaların yaranmasına səbəb ola bilər.
Ruslan Zəngəzur
Bakı 



