Avropa İttifaqına (Aİ) üzv ölkələrin Brüsseldəki səfirləri bu gün etimad yaratmaq və sərhədlərin delimitasiyasına töhfə vermək üçün Azərbaycanla sərhəddə yerləşdiriləcək Aİ-nin Ermənistana mülki missiyası göndərmək barədə razılığa gəliblər.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən verilən məlumata görə, müvafiq qərar Siyasi və Təhlükəsizlik Komitəsinin qapalı iclasında qəbul edilib.
"İndi onun həyata keçirilməsinin təfərrüatları müzakirə olunur: neçəsi hansı ölkələrdən olacaq, Ermənistana nə vaxt gələcək. Lakin missiyanın gələcəyi aydındır", - nümayəndə bildirib.
Aİ-nin Ermənistana mülki missiyasının göndərilməsi ilə bağlı razılaşma ötən həftə Praqada - Ermənistan, Azərbaycan, Fransa və Avropa Şurası liderləri arasında saatlarla davam edən danışıqlar nəticəsində əldə olunub.
***
13:49
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaza, Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərilməsi məsələsi sabah müzakirə olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar oktyabrın 10-da Avropa Parlamentində müzakirələr zamanı deyib.
“Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə mülki missiyası ilə bağlı qərar üzv dövlətlər tərəfindən verilməlidir. Sabah bu məsələ Siyasi və Təhlükəsizlik Komitəsində müzakirə olunacaq”, - Klaar bildirib.















