Qazaxıstanın Mangistau vilayətində, Aktau şəhərinin sahilləri yaxınlığında, Xəzər dənizinin akvatoriyasında gəzinti kateri qayaya çırpılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində iki nəfər həyatını itirib, xilas edilən beş nəfər isə xəstəxanaya yerləşdirilib.
"Katerdə ümumilikdə yeddi nəfər olub. Qəza nəticəsində beş zərərçəkən sahilə çıxarılaraq tibb işçilərinə təhvil verilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan həmin şəxslər tibb müəssisələrinə yerləşdiriliblər. Axtarış-xilasetmə tədbirləri zamanı iki kişinin meyiti tapılaraq sudan çıxarılıb", - deyə departamentin məlumatında qeyd olunub.
Qurumun məlumatına əsasən, bədbəxt hadisə avqustun 30-u bazar günü, yerli vaxtla təqribən 23-də baş verib. Faktla bağlı yerli polis departamenti tərəfindən dəniz və ya çay nəqliyyatının hərəkət təhlükəsizliyi qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanılıb. Fövqəladə Hallar Departamentindən əlavə edilib ki, hazırda qəzanın başvermə şəraiti və səbəbləri araşdırılır.




