Avropa üçlüyü - Böyük Britaniya, Almaniya və Fransa - İrana qarşı “snapback” mexanizmini işə salmağa hazırlaşır. Bu qərar Tehrana nüvə proqramını məhdudlaşdırmaq üçün 30 günlük müddət tanıyır.
Əgər bu baş verməsə, BMT-nin dayandırılmış sanksiyaları avtomatik olaraq bərpa olunacaq.
Bu addımın İran iqtisadiyyatına və regiondakı güc balansına təsirlərindən danışan politoloq Züriyə Qarayeva Bakıvaxtı.az-a bildirib ki, Avropa üçlüyünün “snapback” mexanizmini işə salmaq qərarı əslində BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində dayandırılmış sanksiyaların avtomatik bərpasını nəzərdə tutur. Yəni İran 30 gün ərzində nüvə proqramı ilə bağlı müəyyən addımlar atmazsa, konvensional silah embarqosu, raket texnologiyası məhdudiyyətləri, maliyyə və bank əməliyyatlarına dair qadağalar yenidən qüvvəyə minəcək. Bu qərar yalnız Avropa İttifaqının sanksiyaları ilə məhdudlaşmır, qlobal hüquqi təsirə malikdir.
Onun sözlərinə görə, İran uzun müddətdir ABŞ sanksiyaları altında fəaliyyət göstərir. Politoloq hesab edir ki, amma Avropanın da qoşulması vəziyyəti xeyli çətinləşdirəcək:
"Avro zonası ilə bank əlaqələri kəsiləcək, ödəniş və kredit imkanları azalacaq. Eyni zamanda, Avropa sığorta şirkətlərinin çəkilməsi ilə İran neftinin daşınması daha bahalı və riskli olacaq. Bu, ölkəni daha ucuz qiymətlərlə neft satmağa məcbur edəcək. Texnologiya və sənaye avadanlığı ilə bağlı məhdudiyyətlər isə daxili istehsalın geriləməsinə gətirib çıxaracaq".
Züriyə Qarayeva: Avropa sığorta şirkətlərinin çəkilməsi ilə İran neftinin daşınması daha bahalı və riskli olacaq
Z.Qarayeva bu qərarın İran daxilində siyasi nəticələrə təsirinin ola biləcəyini güman edir. Dediyinə görə, sanksiyalar dərinləşdikcə sosial-iqtisadi gərginlik artır və bu, həm cəmiyyətin, həm də siyasi elitanın narazılığını gücləndirir. Politoloq bildirib ki, hakimiyyətin nüvə proqramında güzəştə gedib-getməməsi daxildə ciddi mübahisələrə yol aça bilər. Bir tərəfdən rejim öz gücünü göstərmək istəyir, digər tərəfdən isə ağır iqtisadi təzyiq qarşısında güzəştlərə getmək məcburiyyətində qala bilər.
"İranın zəifləməsi regionda yeni güc boşluğu yarada bilər" deyən həmsphbətimiz burğulayıb ki, bu isə həm Qərbin, həm də regional oyunçuların - Türkiyə, İsrail, Səudiyyə Ərəbistanının - mövqelərini gücləndirə bilər.
"Digər tərəfdən, İranın sıxışdırılması onun Rusiya və Çinlə daha sıx əməkdaşlığa yönəlməsinə səbəb ola bilər. Yəni “snapback” yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan təsirli bir mexanizmdir", - deyə Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov