Polşa dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL sərnişin təyyarəsinin qəzasını araşdıran Azərbaycan mütəxəssislərinə öz təcrübəsi və iş metodlarından istifadə edərək dəstək verməyə hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi (XİN) “Report”un sorğusuna cavabında bildirib.
"Polşanın elmi-tədqiqat institutları və dövlət qurumları aviasiya təhlükəsizliyi sahəsində dünyanın ən təcrübəli qurumlarından biri kimi tanınır. Bizim hərbi və mülki analitiklərimiz aviasiya hadisələrinin səbəblərinin araşdırılmasında dəfələrlə öz effektivliyini nümayiş etdiriblər. Biz "qara qutu”ların məlumatlarının deşifrə edilməsi və uçuş parametrlərinin təhlili sahəsində böyük təcrübəyə malikik", - nazirlikdən bildirilib.
Daha əvvəl Polşanın XİN başçısı Radoslav Sikorski azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus (AZAL) təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılmasında hər cür texniki dəstək göstərməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın hava məkanında Qroznı üzərində fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Prezident İlham Əliyev AzTV-ə müsahibəsində bəyan edib ki, birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir:
“İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir”.