• Bakı C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Orda bir kənd var uzaqda...

CƏMİYYƏT

09 Yanvar 2025 | 14:51

Orda bir kənd var uzaqda...

12 yaşlı ardıclı bir məktəblinin xatirəsində

İlk növbədə qeyd etmək yerinə düşər ki, Arçut kəndinin adının mənası “Arçarut” - Ardıc çayı, yaxud da “Arçayurt”-Ardıc ağaclarının məskəni deməkdir. “Arça” sözü bütün türk dünyasında ardıc ağacına verilən ümumi addır.

Kəndin toponimi drinonimdir, yəni meşə adından götürülüb. Həmçinin drinonim (ağac adı) və hidronimin (çayın, suyun) qarışığıdır. Kəndin ilk sivilizasiyasının dərə və çay ətrafı komlarda əksini tapması, köhnə qəbirstanlıqların çaya yaxın olması bunu deməyə, yəni adın çaydan götürülməsinə əsas verir. Kənddə ardıc ağaclarının bitməsi, vaxtilə geniş yayılması arealı məkanın toponiminə öz təsirini göstərib. Təəssüf ki, ermənilər faşizmə, soyqırım təfəkkürünə, nifrətə söykənən ifrat eqoizmdən irəli gələrək, bölgədə Azərbaycan türkünün izini və tarixini silmək məqsədilə, kəndin toponimini təhrif edərək, öz dillərində “ayı” mənası verən sözə yozmuşlar. Guya Arçut adı zootoponimdir. Ancaq kəndin tarixi sakinləri öz qədim və ilk yaşayış məskənlərinə Ardıc adı vermişlər, Arçutun həqiqi adını saxlamaq uğrunda mübarizə aparmışlar və bu adı irsən şərəflə yaşatmışlar. Bu gün bu irs qorunur. Qaçqınlıqda yaşayan doğma sakinlər ulu əcdadlarının ənənəsinə sadiq qalaraq özlərinə həm də Ardıclılar deyirlər.

Petrosyanların, koçaryanların, sarkisyanların xülyalara söykənən sərsəm “Böyük Ermənistan” iddiaları və digər xalqları gözü götürməmələri, onların nasist (milliyyətçi) ruhunun bariz nümunəsidir. Keçmiş prezident Levon Ter-Petrosyanın son günlərdə həqiqəti etiraf etmiş çıxışının mətninin yayılması əslində ermənilərin xamlığa və bundan irəli gələn multikulturalizmə nifrət hissinin sübutudur. Böyük xalqlar həmişə tolerantlıq nümayiş etdiriblər. Öz içlərində multi mədəniyyətin mövcudluğunu qəbul edərək, fayda verəcəyini zənn ediblər. Ter-Petrosyanlar üçün isə başqa millətlərlə, xalqlarla yanaşı yaşamaq təhlükə hesab olunub. Fikirləşiblər ki, respublikada çoxluq təşkil edən azərbaycanlılar və digər xalqlar onların dövlətlərini əllərindən alacaqlar. Bu fobiya onlarda tarixdə həmişə olduğu kimi etnik təmizləmə, soyqırım, müharibələr, qətllər və digər bu kimi bəşəri cinayətlər törətmək kimi əməllərə əl atmalarına səbəb olub. Halbuki özləri də yaxşı biliblər ki, Ermənistan SSR-də yaşayan humanist ruhlu azərbaycanlılar hesabına onlar inkişaf ediblər. Xüsusilə kənd təsərrüfatının tərəqqisi azərbaycanlıların hesabına baş verib. Etnik təmizləmədən sonra isə Ermənistan tənəzzülə doğru gedib. Çünki məhsuldar qüvvəni itirib. 1993-cü ildə Ağdamın işğalından sonra Levon Ter-Petrosyanın “Yerkrapa” terrorçu hərbi birləşməsi önündə “...Ermənistan və Qarabağ başqa millətlərdən tamamilə təmizlənib. Bununla da Ermənistan 600 illik problemi həll edib. Bundan sonra, ermənilər daha 600 il bu hadisənin əhəmiyyətini hiss edəcəklər. Əgər 1988-ci ilə qədər burada yaşayan 170 min nəfər qeyri-erməni indiyə kimi burada yaşasaydı, bizim dövlətimiz ola bilməzdi. Biz Şimal və Şərq rayonlarımızı, o cümlədən Sevan rayonumuzu müdafə edə bilməzdik. Üstəlik burada üç yeni problemlə üzləşə bilərdik. Vardenis, Masis və Amasiya rayonlarında, o cümlədən Zəngəzurda azərbaycanlılar çoxlu təşkil edirdi. Bu problem həll edildi. Göydəndüşmə olmadı. Özümüz həll etdik...” deməsi erməni kimliyini bir daha ifşa etdi. Deportasiyanın, ardınca gələn işğalçı müharibənin əsil günahkarının kim olmasını təkrarən sübuta yetirmiş oldu. Erməni ideologiyası və siyasəti məhz bu çıxışla da bütün dünyaya öz çılpaqlığı ilə dərin mahiyyətini açıb ortaya qoydu.

1988-ci ilin kütləvi deportasiya və etnik təmizləmə siyasətinin qurbanları içərisində o zamankı Quqark (tarixi adı Yaqublu) rayonunun Arçut (rəsmi inzibati adı) kəndi də var idi. Arçut kəndi Ermənistanın şimal-qərbində yerləşir. İndiki Lori vilayətinin tərkibindədir. Deportasiya gününə qədər kənddə təxminən dödr min azərbaycanlı yaşayırdı. Kənddə cəmi iki qardaşdan ibarət olan erməni ailəsi məskunlaşmışdı. Onlar vaxtilə Türkiyədən köçən ailə olmuşdu. Həmin ailələr azərbaycanlılara assimilyasiya olmuş, azərbaycanlılarla ailə qurmuş və müsəlman adət-ənənələrinə uyğun həyat tərzi sürmüşdülər. Orta məktəbi Azərbaycan dilində oxumuşdular. Məsələ burasındadır ki, o erməni qardaşlar da öz xalqlarının etnik təmizləmə siyasətlərinin qurbanı olmuş, kənddən didərgin düşmüşlər. Məcburi köçə, deportasiyaya məruz qalmışlar. Buna görə özlərinə qarşı etnonifrət hissi yaşayırdılar.

1988-ci ildə 12 yaşın içində idim. Kənddəki orta məktəbin dörd və beşinci siniflərinndə oxuyurdum. Ən gərgin anlar 1988-ci ilin yay və payızında yaşanırdı. Ona qədər də hadisələr çox gərginləşmişdi. İnsanlar qorxu və səksəkə içində yaşayırdı. Əlləri təsərrüfatdan və sabit həyatdan üzülmüşdü. Lakin ümidlərini də itirmirdiləır. Dövlətə inanırdılar. Ozamankı Kirovakan şəhərində, Quqark rayon mərkəzində mitinqlər gedirdi. Bu mitinqlər elə-belə nəticələnmirdi. Azərbaycanlılar döyülür, işgəncələrə məruz qoyulurdu. Silahlı hücumlarla rastlaşılırdı. Bütün bunların hamısını biz uşaqlar görür və canlı şahidlərinə çevrilirdik. Düzdür, ilk başlanğıcda bizə bir o qədər də təsir etmirdi; çünki böyüklərimizə güvənirdik.

...1988-ci ilin payızında, qışa doğru məktəb bağlanmışdı. Gələcək arzularımız, niyyətlərimiz heç-puç olmuşdu. Çünki gərginlik, qorxu özünün pik həddinə çatmışdı. İnsanlar düşmən əlindən necə qaçıb canlarını qurtaracaqlarını düşünürdülər. Yollar axtarışında idilər. Digər tərəfdən kəndin dörd bir yanında erməni hücumlarına qarşı postlar qurulmuşdu. Kəndin bütün kişiləri müdafiəyə qalxmışdılar. O zamanlar birlik daha da güclənmişdi. Vəziyyətdən sui-istifadə edən ermənilər kəndin təsərrüfatını talamaq, ucuz qiymətə satın almaq, havayı ələ keçirmək tədbirlərinə əl atdılar. Talançılıq ilk növbədə camaatın mal-qarasına, qoyun-quzusuna, toyuq-cücəsinə qarşı yönəldi. Qonşu erməni kəndindən gələnlər zalımlıq, ədalətsizlik nümayiş etdirərək camaatın əmlakını taladılar. Çox cüzi bir qiymətə mal-qaranı, heyvanı alıb getdilər. Yadımdadır, bizim mal damında onların bu addımına etiraz edən atama (Nəsibov Misir Əli oğluna) qarşı erməni qulduru silah tətbiq etməyə çalışmışdı. Atam ondan bərk qorxmuşdu. Biz də həyacan keçirdirdik. O yadımdadır ki, camaat öz evində qurbanlıq heyvan saxlamışdı. Hamı xətadan, bəladan sağ-salamaq qurtarmaq üçün Allaha yalvarır, qurbanlar kəsirdi. Bir az keçmişdi ki, kəndə Sovet Ordusunun birləşmələri daxil oldu. Bu, bir az rahatlıq yaratdı. 1988-ci ilin dekabr ayının 7-də Hamamlı (Spitak) zəlzələsi baş verdi. Kəndin camaatı “Onu Allah bizim üçün yetirdi Nəhayət xilas olduq!”-deyə qəbul etdi. Evlər dağılsa da xoşbəxtlikdən hamı salamat qaldı. Bir bələkdə körpə həlak olmuşdu.

Ermənilərin başı qarışdı. Sovet ordusunun dəstəyi ilə biz 11 dekabrdan sonra kəndi tərk etməli olduq. Çox yaxşı yadımdadır, Qazaxdan gələn maşın karvanındakı avtobusda əyləşmişdim. Xilas olmaqdan sevinirdim. Lakin kədər hissi də var idi.

Bir məsələni heç zaman unutmayacağam. Deməli, avtobus tərpənəndə bir kəndlimiz qadın “Ay camaat, gəlin bir ağızdan oxuyaq! –“Arçut salamat qal, dağ salamat qal!”-deyərək, çox kövrəlmişdi. Səsi titrəyirdi. Onun bu zümzüməsindən təsirlənərək gözləri yaşla dolanlar çox idi.

Otuz altı illik həsrətdən sonra geriyə, doğma kəndə dönmək arzusu ilə,

Elşən Nəsibov (Elşən Ardıc)

Siyasətşünas-alim, yazıçı-publisist. “ARDIC” Hərəkatının təsisiçisi və məsul katibi. Qərbi Azərbaycan İcmasının üzvü

​​​​​​​Bakıvaxtı.az saytı üçün


SON XƏBƏRLƏR

09 Yanvar 2025