Xəbər verdiyimiz kimi, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində ordumuzun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Ardından Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatında qanunsuz erməni silahlı dəstələri itkilər verib.
Politoloq Cümşüd Nuriyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, son zamanlar həm Ermənistanla sərhəd bölgədə, həm rus sülhməramlılarının yerləşdiyi ərazidə əsgərlərimiz atəşə tutulurdu: “Azərbaycan tərəfi bununla bağlı dəfələrlə xəbərdarlıq etmişdi. Hətta Ali Baş Komandan səviyyəsində belə Azərbaycan öz mövqeyini bildirmişdi. Ermənilər isə yenə də öz xislətlərindən əl çəkmirdilər”.
C.Nuriyev deyib ki. onsuz da, Ermənistanda vahid mövqe yox idi, son hadisədən sonra isə vəziyyət bir qədər də qarışıb: “Ermənistanda həm qərbyönümlülər, həm də rus-farsyönümlülər var. Həmçinin hakimiyyətin özündə də qarşıdurma var. Bundan əlavə, Ermənistandakı revanşist qüvvələr də hakimiyyətə gəlmək istəyirlər. Ona görə də, onlar Ermənistandakı mövqelərini itirməmək üçün guya Azərbaycana güc göstərərək, həm daxili publikadakı tərəfdarlarını öz ətraflarında cəmləyir, həm də yalançı siyasəti davam elətdirirlər. Bunlar, onsuz da, belə öyrənib. Hər şeyin bir həddi var, Azərbaycanın da səbri hədsiz deyil. Və Azərbaycan öz mövqeyini göstərdi”.
Müsahibimizin sözlərinə görə, erməni tərəfi və onun havadarları bilməlidir ki, Azərbaycanın dəmir yumruğu yerindədir, indi biz daha güclü, daha qüvvətli, əvvəlkindən dəfələrlə çox cəsarətliyik: “Çünki indi biz qalib bir xalq, qalib bir dövlətin vətəndaşlarıyıq. Ona görə də, ermənilər fikirləşsin, ağıllarını başlarına yığsınlar. Bu proses davam edəcək”.
Politoloq deyib ki, hətta Ermənistanın Paşinyan səviyyəsində adamları da ikili mövqe tuturlar: “Adicə Ermənistanın xarici işlər naziri 10 noyabr 2020-ci ildə bağlanmış üçtərəfli bəyanatın maddələrini belə düzgün oxuyub şərh edə bilmir. Utanmadan da həmin bəyannamənin maddələrinin yerinə yetirilmədiyini iddia edir. Bəli, yerinə yetirilmir. B bəyannamənin şərtlərini imzalayan tərəf də ancaq gözləmə mövqeyində durub və həmişə təxribatla məşğul olub. Ona görə də, Azərbaycan bu məsələni özü həll etmək qərarına gəlib, inşallah, həll edəcək. Bu cür təxribatların davam edəcəyi istisna olunmur, hər dəfə ermənilər təxribat törətdikcə Azərbaycan daha yeni yerləri erməni terroristlərdən təmizləyəcək. Bu torpaq bizimdir, biz öz torpağımızda vuruşuruq, kimsə bizə maneə ola bilməz, gücləri çatmayacaq”.
Aytac Aslan
















