• Bakı 32° C

    4.09 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Azərbaycan-Özbəkistan əlaqələri YENİ MƏRHƏYƏ YÜKSƏLİR 

SİYASƏT

24 Avqust 2026 | 09:40

Azərbaycan-Özbəkistan əlaqələri YENİ MƏRHƏYƏ YÜKSƏLİR

Azərbaycan-Özbəkistan arasında strateji münasibətlər iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın güclənməsinə və iki ölkənin daha da yaxınlaşmasına xidmət edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, hər iki dövlətin rəhbərləri arasında səmimi, hörmət və etimada əsaslanan münasibətlər ölkələr arasındakı qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaradıb:

“Azərbaycan və Özbəkistan ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığı son illər daha da gücləndiriblər. Bu əməkdaşlıq iqtisadiyyatın müxtəlif istiqamətlərini əhatə edir”.

Deputat xatırladıb ki, 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 3,2 dəfə artaraq 795 milyon dollara çatıb:

“Hazırda əsas hədəflərdən biri ticarət dövriyyəsinin 1 milyard dollara qədər yüksəldilməsidir. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq. Səfər çərçivəsində yeni anlaşmaların imzalanması və strateji əməkdaşlıq istiqamətlərinin daha da dərinləşdirilməsi gözlənilir. Eyni zamanda, yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrin daha da yaxınlaşmasına xidmət edir”.

Vüqar Bayramov, deputat

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan-Özbəkistan əməkdaşlığı yalnız ticarət dövriyyəsinin artması ilə məhdudlaşmır. Birgə investisiya layihələrinin reallaşdırılması, nəqliyyat-logistika, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq da dinamik şəkildə inkişaf edir. Bir neçə il əvvəl təsis edilən və 500 milyon dollarlıq nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Fondu çoxsaylı layihələrin maliyyələşdirilməsində iştirak edib:

"Bu da hər iki ölkənin iqtisadiyyatına mühüm töhfədir”.

Deputat turizm sahəsində əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:    

“Son illər Özbəkistandan Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Bu da ölkələr arasında strateji münasibətlərin inkişaf səviyyəsini bir daha təsdiq edir”.

Vüqar Bayramov əlavə edib ki, Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatı və C6 platforması çərçivəsində də sıx əməkdaşlıq edir:

“Özbəkistan Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşı, Türk dövlətləri arasında isə ikinci ən böyük ticarət tərəfdaşıdır. Bu göstəricilər Azərbaycan-Özbəkistan strateji münasibətlərinin kifayət qədər dərin inkişaf etdiyini göstərir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də bu münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək”.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Avqust 2026