• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

 Azərbaycan turizmi böhranda: Xilas yolu nədir? 

GÜNDƏM

11 Avqust 2021 | 16:33

Azərbaycan turizmi böhranda: Xilas yolu nədir?

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev aviabiletlərin qiymətləri ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) idarəetməsi həvalə olunmuş Azərbaycan İnvestisiya Holdinqinə (AİH) müraciət edib. Müraciət aviabiletlərin qiymətlərinin endirilməsi və rəqabətli mühitin inkişafı üçün aşağıbüdcəli aviaşirkətlərin ölkəyə dəvət edilməsi ilə bağlıdır.

F.Nağıyev “ASAN Visa” sisteminin, yüksək servisli və ucuz hotellərin, görməli və istirahət etməli yerlərin, inkişaf etmiş infrastrukturun turizm üçün yetərli olmadığını diqqətə çatdırıb. Aidiyyati dövlət qurumunun rəhbərinin belə bir müraciəti əslində aydın səmada göy gurultusu effekti yaratmalıdır. Amma hələlik reaksiyalar yoxdur.

Turizm üzrə ekspert Ceyhun Aşurov Bakıvaxtı.az-a bildirib ki, turizmin inkişafı üçün turizm alətləri ucuz və alçatan olmalıdır.

“Turizm şirkətləri bildirirlər ki, Azərbaycana turistlərin rahat gəlməsinə əsas maneə aviabiletlərin baha olmasıdır. Turizmin inkişafı üçün 3 faktor vacibdir. Birincisi, həmin ölkə və ya turizm məkanı əlçatan olmalıdır. Bunun üçün  havada, dənizdə və ya quruda nəqəliyyat vasitəsindan istifadə etmək imkanı vacib şərtdir. İkincisi, qalma məsələsidir. Büdcəmizə uğun hotellər, qonaq evləri, kirayə evlər olmalıdır. Üçüncüsü, qaldığımız yerdə turizm məhsullarının müxtəlifliyi, istirahətin təşkili, əyləncələr və bazarlıq imkanları olmasıdır.   

Baxmayaq, ki AZAL-a nisbətdə “Buta Airways” aviaşirkətinin biletləri ucuzdur. Amma bu ucuz bileti almağın şərtləri var. Bir neçə ay öncədən sifariş verilməlidir. Bu və digər faktorlar ucuz biletlərə əlçatanlıqda çətinlik yaradır. Azərbaycanda beynəlxalq hava limanları çoxdur. Niyə bizim beynəlxalq hava limanlarımız xarici aviaşirkətlərə açıq olmasın? Bu baş verərsə, həmin ərazidə turizm imkanlarının genişlənməsinə, həmçinin ölkəyə turist axınına səbəb olar”,-deyə C.Aşurov bildirib.

Ekspert qeyd edib ki, pandemiya vəziyyəti müvəqəti şəraitdir və postpandemiya dövründə turizm inkişaf edəcək: “Biz o dövrə hazır olmalıyıq. Digər ciddi məsələ ölkədə turizm sahəsində rəqabət mühitinin formalaşmasıdır. İstər xarici, istər daxili turistlərimiz üçün daha çox seçimlər olmalıdır. Tez-tez eşidirik ki, bizdə hotellərin qiyməti yüksəkdir, xidmətlərin səviyyəsi isə aşağıdır. Bütün bunların səbəbi rəqabətin, alternativin az olması ilə bağlıdır. Arzuolunandır ki, regionlarda hotellərin sayı indiki səviyyədən bir neçə dəfə çox olsun. O zaman müştəri məmnuniyyəti-qiymətlər münasib, xidmətlərin keyfiyyəti artım olacaq.

Sahibkarlarımızın qonşu ölkələrə investisiyaların qoyması ilə bağlı xəbərləri tez-tez eşidirik. Niyə bu investisiyalar azərbaycanın regionlarında olmasın. Bunun üçün təminatlı şərait yaradılmalıdır. Eləcə də, sahibkarların az faiz dərəcəsi olan kreditlərə çıxış imkanı olmalıdır. Uzun müddətli güzəştlərdən istifadə edərək iri qmiyaslı hotellər və qonaq evləri tikmək imkanı yaranacaq. İstər beynəlxalq təşkilatlara, istərsə də, yerli sahibkarlara bu imkanların yaradılması məqsədəuyğundur.

Onlayn portallarda Azərbaycanda 1000 yaxın qalma yerləri var. Bu qonşu ölkələrlə müqayisədə dəfələrlə azdır.  Gürcüstanda bu təklif 10 minə yaxındır. Odur ki, sahibkarlara əlverişli iqtisadi iqlim şəraiti yaradılmalıdır, vergi güzəştləri və uzun müddətli güzəştlərin təklif olunması arzuolunandır. Bütün bunlar həmin ərazinin turizm potensialının inkişafında mühüm rol oynaya bilər”.

C.Aşurovun sözlərinə görə, turizm şirkətlərinin tur paketlərinin qiymətini şişirdən əsas faktor aviabiletin qiymətinin yüksək olmasıdır.: “Qonşu ölkələrlə müqayisədə biletlər çox bahadır. Xarici turistlərin Azərbaycana cəlbetmək üçün müəyən faktorlar meydana gəlməlidir. Bu faktorların sayını nə qədər artıra bilsək, o qədər də turisti ölkəyə cəlb etmiş olarıq”.

Turizm üzrə ekspert İnnarə İbrahimova Bakıvaxtı.az-a bildirib ki, xarici turistləri ölkəmizə cəlb etmək üçün aviabiletlər və istirahət mərkəzlərinin qiymət siyasətinə yenidən baxılmalıdır.

“Məsələn, Avropa turistləri aviabiletlər baha olduğuna görə bizim ölkəni seçmirlər. Orta statistik Avropa tələbəsi tətil üçün yer seçərkən internet üzərindən bizim ölkəni araşdırsa, aviabiletin qiymətinə baxacaq və bura gəlməyəcək. Dünyada aşağıbüdcəli yetərincə hava yolları var. Onların bir neçəsini ölkəyə dəvət etsək yaxşı olar.  Məsələn, qonşu Gürcüstanda bu təcrübə var. Orada həm ucuz biletlər satılır, həm də hər kateqoriyalı otellər fəaliyyət göstərir. Hətta bizim vətəndaşlar Avropaya uçmaq üçün Gürcüstana gedirlər. Oradan İsveçrəyə, Londona 100 manata uçuş eləmək olar.  

Onu da deyim ki, Azərbaycanda yetərincə lüks otel brendləri və 5 ulduz uçuşlar var. Düşünürəm ki, artıq 3- 4 ulduz brendlərə ehtiyac var. Həm Bakıda, həm regionlarımızda Avropa təcrübəsindən yararlanıb,  gözəl istirahət mərkəzləri yaratmaq olar.

Vətənimizin əsrarəngiz təbiətini bütün dünyaya tanıtmaq üçün bu şərait yaradılmalıdır. Bizim tariximiz, mədəniyyətimiz çox zəngindir və istənilən büdcəli turistə şərait yaradılmalıdır ki, tanıtım hərtərəfli olsun",-deyə İ.İbrahimova bildirib.

Ekspert Bakıda və regionlarda olan istirahət məkanlarında, restoranlarında qiymətə və xidmətə nəzarət olunmasını təklif edib: "Çünki turizm çoxşaxəli anlayışdır. Hava limanı, hotellər, restoranlar, yollarda olan kiçik kafelər, həmçinin suvenir satışı edən məkanlar vətənimizə gələn qonaqlarda bizim haqqımızda təsəvvür yaradır”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026