Azərbaycanın xarici siyasətində son dövrdə Cənub-Şərqi Asiya ölkələri ilə siyasi məsləhətləşmələrin və diplomatik əlaqələrin intensivləşməsi diqqət çəkir.
Bu tendensiya Azərbaycanın ənənəvi Qərb-Rusiya müstəvisindən kənara çıxaraq çoxşaxəli və balanslı diplomatiya aparmaq strategiyasının əlaməti kimi qiymətləndirilir. Belə yanaşma ölkənin beynəlxalq arenada manevr imkanlarını artırmaq, yeni iqtisadi tərəfdaşlıqlar yaratmaq və geosiyasi riskləri bölüşdürmək məqsədini daşıyır.
Eyni zamanda, Asiya ölkələri ilə əlaqələrin genişlənməsi Azərbaycanın ticarət, investisiya və enerji sahələrində alternativ imkanlar əldə etməsinə şərait yaradır. Bu diplomatik açılım həm də regional və qlobal güc balansında Azərbaycanın rolunu möhkəmləndirərək, onu daha çevik və etibarlı tərəfdaş kimi təqdim edir.
Sual yaranır: bu siyasət uzunmüddətli strateji prioritetin tərkib hissəsidir, yoxsa konkret taktiki məqsədlərə xidmət edən müvəqqəti açılım kimi qiymətləndirilməlidir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Azərbaycanın Asiya ölkələri, xüsusilə Cənub-Şərqi Asiya ilə siyasi məsləhətləşmələri və diplomatik aktivliyinin artması təsadüfi deyil. Bu xətt son illərdə formalaşan, lakin kökləri daha əvvələ gedib çıxan çoxşaxəli və balanslaşdırılmış xarici siyasətin məntiqi davamıdır. Azərbaycan uzun müddətdir ki, öz təhlükəsizliyini və iqtisadi dayanıqlığını təkcə Qərb-Rusiya oxu üzərində qurmağın riskli olduğunu anlayır və alternativ siyasi-iqtisadi platformalar yaratmağa çalışır.
"Bu kontekstdə Asiya ölkələri Azərbaycan üçün ilk növbədə geosiyasi neytrallıq və manevr imkanları yaradır. Qərb-Rusiya qarşıdurmasının kəskinləşdiyi bir şəraitdə Bakı üçün ideoloji şərtlər irəli sürməyən, daxili siyasətə müdaxilə etməyən və daha çox praqmatik maraqlara əsaslanan tərəfdaşlarla münasibətlərin dərinləşdirilməsi başadüşülən seçimdir. Cənub-Şərqi Asiya dövlətləri məhz bu baxımdan Azərbaycanın xarici siyasət xəttinə uyğun gəlir",- deyə T.Rzayev əlavə edib.

Turan Rzayev: Söhbət alternativ blok yaratmaqdan deyil, diplomatik çəkini yaymaqdan gedir
Onun sözlərinə görə, iqtisadi müstəvidə Asiya istiqaməti Azərbaycan üçün yeni bazarlar, investisiya mənbələri və texnoloji əməkdaşlıq imkanları açır. Enerji resurslarından kənar sahələrdə logistika, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq Asiya ölkələri Bakının iqtisadi şaxələndirmə siyasətini tamamlayır. Bu, eyni zamanda Azərbaycanın Orta Dəhliz və Transxəzər marşrutları üzərindən Avrasiya ticarətində körpü rolunu gücləndirir
Politoloq əlavə edib ki, siyasi baxımdan isə Asiya ölkələri Azərbaycanın beynəlxalq mövqelərini balanslaşdırır:
"Xüsusilə BMT və digər çoxtərəfli platformalarda bu dövlətlərin dəstəyi Bakıya Qərb mərkəzli təzyiq mexanizmlərinə qarşı əlavə diplomatik resurs qazandırır. Burada söhbət alternativ blok yaratmaqdan deyil, diplomatik çəkini yaymaqdan və asılılıqları azaltmaqdan gedir".
Həmsöhbətimiz qeyd edib ki, regional güc balansı kontekstində Azərbaycanın Asiya açılımı onun müstəqil aktor statusunu möhkəmləndirir. Bakı göstərir ki, öz xarici siyasət gündəmini daha geniş geosiyasi xəritə üzərində formalaşdırır.
Əli Hüseynov
Bakı 



